Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
5.09K subscribers
5.17K photos
115 videos
693 links
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" kanalı
Download Telegram
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

İyun ayının 13-də saat 04:22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 288 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://dsx.gov.az/news/1756
İyun ayının 14-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 2023-2024-cü tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Xüsusi Məktəbin pedaqoji heyəti, kursantlar və valideynlər iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətəninə, xalqına və Ali Baş Komandanına sadiq, bilikli, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qadir kadrların yetişdirilməsində, gələcəyin sərhədçi zabitlərinin ali hərbi təhsil üçün hazırlanmasında Xüsusi Məktəbin böyük rolu olduğunu bildiriblər.

13 il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyətə başlayan məktəbin qısa müddət ərzində ölkəmizdə böyük nüfuz qazandığı, tədris müəssisəsinin açılış mərasimində, eləcə də 2018-ci ildə ikinci korpusun istifadəyə verilməsi tədbirində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirak etməsinin ölkə rəhbərliyinin sərhəd mühafizəsi məsələlərinə ali diqqət və qayğısının təzahürü olduğu vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırıldıqdan sonra 2024-cü ildə Xüsusi Məktəbi bitirən kursantlara döş nişanları təqdim olunub və məzunların xatirəsini əks etdirən adlı siyahı “Məzun simvolu” olan nar ağacına sancılıb.

Tədbirin sonunda 5-ci və 11-ci sinif kursantların iştirakı ilə məzunların buraxılışına həsr olunan çinar ağacı əkilib.
https://dsx.gov.az/news/1757
Azərbaycan millisi Çövkən üzrə dünya çempionatının qalibi olub

İyun ayının 16-da Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə Çövkən üzrə dünya çempionatının finalı və bağlanış mərasimi keçirilib.

Tədbirin ilk hissəsində Qarabağ atlarının Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda, Türkiyə və İsveçrədə nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiya, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblının xüsusi çıxışı, nümunəvi orkestrimizin ifasında ecazkar milli musiqimiz yüksək səviyyədə tamaşaçılara təqdim edilib.

Daha sonra Çövkən üzrə dünya çempionatında komandalar arasında növbəti mübarizə baş tutub və qarşılaşmanın nəticəsinə uyğun olaraq Nigeriya komandası Özbəkistan millisini 3-1 hesabı ilə məğlub edərək 3-cü yerin sahibi olub.

Finalda isə Azərbaycan yığması mərakeşli rəqibləriylə qarşılaşıb. Matç milli çövkənçilərimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb, komandamız mundialı zirvədə tamamlayaraq Çövkən üzrə dünya çempionu ünvanına layiq görülüb.

Sonda qalib komandaların mükafatlandırma mərasimi keçirilib.

Mundialı ikinci yerdə tamamlayan Mərakeş yığmasına fəxri fərman və medalları Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, dünya çempionu ünvanına layiq görülən millimizə isə çempionatın kubokunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Bununla da ölkəmizdə keçirilən Çövkən üzrə dünya çempionatı başa çatıb.
https://dsx.gov.az/news/1758