Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
5.09K subscribers
5.18K photos
115 videos
694 links
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" kanalı
Download Telegram
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

İyun ayının 18-də saat 15:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 350 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://dsx.gov.az/news/1759
Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xəzər dənizindən dövlət sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.

İyun ayının 25-də saat 00:17-də Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Xızı rayonu ərazisində sahildən 500 metr məsafədə Şorabad qəsəbəsi istiqamətində sürətlə hərəkət edən 2 ədəd naməlum üzmə vasitəsi müşahidə edilib.

Aşkarlanmış hədəflərin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, o cümlədən sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsinin şimal istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri və uzun sürən təqiblər nəticəsində saat 02:48-də sərhədçilərin qanuni tələbinlərinə tabesizlik göstərərək narkotik vasitələri dənizə atıb ərazidən uzaqlaşmağa cəhd edən sərhəd pozucularının saxlanılması məqsədi ilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib.

Nəticədə layner tipli itisürətli üzmə vasitələrindən biri 2 nəfər heyət üzvü ilə birlikdə, ikinci üzmə vasitəsinin isə heyət üzvlərindən biri saxlanılsa da digəri itkin düşüb.

Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularına ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslaşmış tibb müəssisəsinə təxliyə ediliblər.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Gülüstan əyalətinin Bender-Türkmən şəhər sakinləri 1984-cü il təvəllüdlü Behman Qasim, 1983-cü il təvəllüdlü Nuri Nurməmməd Bəhrəmxalid, 1984-cü il təvəllüdlü Rəhim Ounek Anna olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.

Davam edən əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasının mütəşəkkil qaçaqmalçı qrupunu qarşılamaq niyyəti ilə həmin əraziyə dənizin sahilinə gəlmiş Azərbaycan Respublikası vətəndaşları 1982-ci il təvəllüdlü Əliyev Elxan Nadir oğlu və 1976-cı il təvəllüdlü Memmədova Esmira Gülağa qızı saxlanılıb.

Hazırda Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri və dalğıclar tərəfindən digər itkin düşmüş sərhəd pozucusu İran İslam Respublikası vətəndaşı 1985-ci il təvəllüdlü Həmid Vəkilinin və dənizə atılmış digər maddi sübutların axtarışı həyata keçirilir.

Fakt üzrə Baş Prokurorluqla birgə əməliyyаt-istintaq və axtarış tədbirləri dаvаm еtdirilir.
https://dsx.gov.az/news/1760
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun birgə məlumatı

Xüsusilə külli miqdarda narkotik vasitənin ölkəmizə Xəzər dənizi vasitəsilə keçirilməsinin qarşısı alınmışdır

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun birgə keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşlarının Xəzər dənizinin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozub xüsusilə külli miqdarda narkotik vasitəni ölkəmizə keçirmələrinin qarşısı alınmışdır.

Belə ki, iyunun 24-də gecə saat 23 radələrində Xəzər dənizində Sumqayıt şəhəri və Yaşma qəsəbəsi istiqamətində hərəkət edən qayıqlara Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən “DAYAN” komandası verilməsinə baxmayaraq, verilmiş əmrə tabe olmayaraq, qayıqlarında özləri ilə gətirdikləri narkotik vasitələri suya ataraq qaçmağa çalışan İran İslam Respublikasının vətəndaşları 1983-cü il təvəllüdlü Nuri Əbruntən, 1984-cü il təvəllüdlü Bəhmən Kaseb və Aunəq Abdulrəhim (yaralı halda) təqibetmə əməliyyatı zamanı ələ keçirilmişlər.

Eyni zamanda həmin vaxt həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində Yaşma qəsəbəsi ərazisində Azərbaycan Respublikasının vətəndaşı olan 2 nəfər mülki şəxsin - 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədovanın şübhəli şəkildə dəniz sahilində və suyun içində fənərlərlə işarə verərək olduqları yeri bəyan etmələri aşkar edilmiş və onlar saxlanılmışdır.

Həyata keçirilmiş davamlı əməliyyat-axtarış tədbirləri zamanı İran İslam Respublikası vətəndaşları Bəhmən Kaseb, Aunəq Abdulrəhim və Nuri Əbruntən tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş narkotik vasitə olan çətənə bitkisi - 4 ədəd müxtəlif rəngli torbalarda təxminən 165 kiloqram çəkidə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi yaxınlığında aşkar edilərək götürülmüşdür.

Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işi üzrə 27.06.2024-cü il tarixdə Bəhmən Kaseb və Nuri Əbruntən Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1 və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə, Azərbaycan Respublikasının vətəndaşları 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədovaya isə Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməklik) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Aunəq Abdulrəhim hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının xüsusi müşahidəsi altında saxlanmaqla xəstəxanada müalicəsi davam etdirilir.

Cinayətin digər iştirakçılarının ifşa olunmaları istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

İbtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
https://dsx.gov.az/news/1761
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında aşkar olunan qaçaqmal götürülüb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

İyun ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizi vasitəsilə Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni yolla təxmini 200.000 ABŞ dolları dəyərində ümumilikdə 28.836 qutuda müxtəlif adda tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
https://dsx.gov.az/news/1762