Mashalli
1.9K subscribers
1.31K photos
9 videos
12 files
1.1K links
Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
Download Telegram
Bu yaxınlarda Falcon Consulting Group adlı şirkət (düzünü desəm adını ilk dəfə eşidirəm, amma etdikləri müsbət bir şeydir. Ümidvaram davam edəcəklər) jobsearch.az saytında yerləşdirilən elanları təhlil etməyə qərar verdilər. Onlar 1979 aktiv vakansiya təhlil edib, müəyyən etdilər ki, orta aylıq əməkhaqqı 1023 AZN təşkil etdiyi halda, median aylıq əməkhaqqı 800 AZN-dir (qeyd etmək lazımdır ki, elanların cəmi 1/3-də əməkhaqqı qeyd olunub. Bu da aşağı göstəricidir).

Yeri gəlmişkən, hətta bu saytda (jobsearch-də adətən iri şirkətlər elanlarını paylaşırlar. Burada çox nadir hallarda sadə kassir, satıcı, fəhlə işlərinə dair elanlar paylaşılır) orta aylıq nominal əməkhaqqı Dövlət Statistika Komitəsi tərəfindən elan olunan ölkə üzrə orta aylıq nominal əməkhaqqından aşağıdır.

Nə isə, prinsipcə, müvafiq şirkət bu saytı (bir az genişləndirib, normal sistemi olan bəzi digər saytları da əlavə edib, təkrar elanları silmək ilə) davamlı olaraq monitorinq edilsə, ən azı əmək bazarı haqqında bizdə müəyyən qədər alternativ statistika yarana bilər. Bu da real vəziyyətin başa düşmək cəhətindən dəstək olacaq.
👍102
TOP-100 Taxes.xlsx
26.5 KB
Aprelin 8-i Dövlət Vergi Xidməti iki siyahı təqdim etdi:

1. 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla;

2. 2025-ci ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla).

Bizim medialar niyəsə ikinci siyahıya daha böyük diqqət ayırdılar. Birinci siyahını deyəsən heç görmədilər. Əslinə qalsa bu iki siyahını tutuşdurub, 2024-cü il ilə müqayisə edib, həm də bütün bank, ASC, QSC-lər üzrə açıq mənbələrdə olan hesabat məlumatlarını da əlavə vahid bir baza yaratmaq olardı. Bu işi bizim medialar yerinə yetirmədi, amma bir hissəsini ayrıca bir fayla topladım.

Əlavədə gördüyünüz faylda siz 2024 və 2025-ci ilin məlumatlarını vahid cədvəldə tapa bilərsiniz (3 sheet var: birində siz filtr vasitəsilə seçim edə bilərsiniz. İkisi bütün məlumatların vahid cədvəldə olan formasıdır).
2👍2
Bu siyahıların ən böyük problem onların izah olunmamasındadır. Yəni biz elə başa düşürük ki, bir siyahıda şirkətin adından ödənilən bütün vergilər daxildir. Yəni siz hər hansı supermarketdə siqaret əldə etmisinizsə, onun əsas hissəsi Tabaterra QSC, kiçik hissəsi isə supermarketin payına düşür. Eynən digər məhsullar üzrə də vəziyyət belədir. Ona görə, misal üçün, Tabaterra bir siyahıya daxil olub, amma başqa siyahıda siz onun adını tapa bilməyəcəksiniz.

Düzdür təxmin edirəm ki, Tabaterra QSC iri şirkətdir və ödədiyi birbaşa vergilərin həcmi də az deyil və sadəcə özü "məlumatı açıqlamaya" razılıq verməyib. Amma dəqiq nəsə demək çətindir. Dövlət Vergi Xidməti sadəcə məlumat paylaşıb. Bu məlumat nədən ibarətdir, ona nə daxildir (gömrük yığımları daxildirmi? Bəs işçilər üzrə gəlir vergisi?) - heç bir izah yoxdur.

Çox uzağa getməsək, Ermənistanda məlumat deyəsən TOP-500 ya da TOP-1000 şirkət üzrə paylaşılır. Paylaşılan siyahıda da hər vergi ayrıca sütunda göstərilir. Ən azı iri şirkətlər (Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıya uyğun olaraq), ASC və QSC-lər üzrə Dövlət Vergi Xidməti bunu edə bilərdi. Bu şirkətlər üzrə məlumatlar qanunvericiliyə görə açıqlanmalıdır, amma... etmədi. Bunu sorğu edən varmı? Təəssüf ki, yox.

Başqa tərəfdən öyrəndik ki, 2025-ci ildə toplanılan vergilərin ən azı 24.0%, birbaşa vergilərin isə ən azı 46.3%-i neft-qaz sahəsinin payına düşür.
👍6
Vergi Xidməti tərəfindən təqdim olunmuş məlumatlar əsasında təxmini hesablamalar.
👍2
Polşada Varşava Milli Kitabxanası hər il əhali arasında oxuculuğa dair araşdırma keçirir. 2025-ci ilin nəticələrinə görə əhalinin 41%-i il ərzində ən azı bir kitab oxuyublar (əvvəlki il ilə müqayisədə dəyişiklik yoxdur). Qadınlar arasında bu göstərici 47% təşkil etdiyi halda, kişilər arasında 34%-dir. Davamlı olaraq oxuyanların payı əhali arasında 7% təşkil edir.

Bəs oxucular kitabı haradan əldə edirlər? Respondentlərin 19%-i ictimai kitabxanalardan istifadə edirlər. Eyni zamanda kitab alıcıların payı əvvəlki ilə nisbətdə – 50%-dən 43%-ə kimi – azalıb.

Bəs nə oxunur? Əlbəttə ki, əsasən detektivlər oxunur. Ölkənin ən məşhur yazıçıları – Remiqiuş Mruz (2019-cu ildən bəri ölkənin ən məşhur yazıçı mövqeyini itirmir. 2013-cü ildən bu yana 46 roman yazıb), Stiven Kinq (yeri gəlmişkən, Kinq ümumiyyətlə Şərqi Avropanın deyəsən bütün ölkələrində liderlərdən biridir. Misal üçün, Rusiyada indi belə 4-cü yerdədir), Qenrik Senkeviç və Coan Roulinqdir.

Bəs siz ildə nə qədər kitab oxuyursunuz?
12
Dostlar, müvəqqəti olaraq məzuniyyətə çıxmışam və təxmini bir həftə burada heç nə yazıb, dərc etməyəcəyəm. İstirahət edib, oxuyub, növbəti həftələr üçün mövzu toplamağa çalışacağam. Əgər maraqlandığınız mövzu və ya sual varsa, şərhlərə yazın. Qayıdıb, araşdırmağa çalışacağam.
👍246
Forwarded from Çəpəki
Bugün Fərid Mehralızadənin əsassız həbsindən 700 gün keçir. O, 2024-cü il mayın 30-da saxlanılıb. Fərid “Abzas Media işi” çərçivəsində həbs olunsa da, nə həmin media ilə əməkdaşlığına, nə də hər hansı bir cinayətə dair heç bir sübut məhkəməyə təqdim olunmayıb. Buna baxmayaraq, Fərid 9 il müddətinə azadlıqdan məhrum edilib. Özü həbsinin siyasi sifariş olduğunu və Azadlıq Radiosunda dərc olunan iqtisadi təhlillərinə görə həbs edildiyini bəyan edib.
😢136👍4
Məzuniyyətdən sonra ilk statusum kitablara həsr olunur. Əslinə qalsa mənim üçün ideal məzuniyyət - gəzinti, kitab və normal yeyib-içkidən ibarətdir. Yəni iş haqqında düşünmürsən, məişət problemləri narahat etmir və sən sadəcə istirahət edirsən. Bu dəfə məzuniyyəti Özbəkistanda keçirtdim (bu barədə növbəti statuslarda daha ətraflı yazacağam). Müvafiq dövr ərzində isə üç kitabı bitirməyə (1 audio və 2 kağız) müvəffəq oldum. Nə isə, keçək kitablara:
👍4
- А.П. Чехов. Полное собрание сочинений и писем в 30 томах. Сочинения в 18 томах. Том 12-13. Москва. 1978. 928с. - Sovet dövründə qəribə formalarda kitabları dərc edirdilər. Misal üçün, mənə bəlli olmayan səbəbə görə 12 və 13-cü, 14 və 15-ci cildləri bir cildə birləşdiriblər. Əslinə qalsa onlardan sadəcə bir cild etmək olardı (12 və 13-cü cildlərdə onsuzda təkcə pyeslərdir) ya da 1000 səhifəlik kitab yerinə normal orta bir cild yaratmaq olardı. Bilmirəm bəlkə kağızın keyfiyyətindən asılı idi (yeri gəlmişkən, bəzən görürsən ki, 400-səhifəlik cild 500-səhifəlik cilddən daha gonbuldur). Bu (ikili) cilddə yalnız pyeslər yer tutmuşdu. Məktəbdən sonra bu yana ilk dəfə Çexovun pyeslərini oxuyurdum. Pyeslər ilə problem yoxdur, sadəcə "Дядя Ваня" pyesinin üç-dörd formasını oxumaq bir qədər bezdirici gəldi (onun ilk forması bir adla, sonraki forması başqa adla və sonuncu forması).;

- Д. Уильямс. Стоунер. Москва. 2015. 352с. - deməli Facebookda "Stounera" dair bir post qarşıma çıxdı, sonradan Rüfət bu əsər haqqında bir şərh yazdı, ondan sonra isə Lamiyə də öz videosunda bu romanı qeyd etdi. Daha üç dəfə qarşıma çıxdığından qərar verdim yükləyib, ən azı qulaq asım görüm bu nədir. Niyə bu əsər bu qədər qeyd olunur (sonradan müxtəlif məqalələrə da rast gəldim), amma yazılıb dərc olunduğu dövrdə tamamilə diqqətsiz qalmışdı. Prinsipcə əsər maraqlıdır. Burada bir haşiyə çıxıb qeyd etməliyəm, aprel ayında mən deyəsən əsasən orta statistik, siyasətə qarışmayan, ambisiyalara malik olmayan, həyatında ciddi dəyişikliklər etmək istəməyən insana həsr olunmuş əsərləri (K. İsuquro və Kuşevskinin də əsərləri bu mövzudadır) oxumuşam. Düşünürəm ki, əsər haqqında ətraflı danışmağa ehtiyac yoxdur.

Əsas qəhrəman ömür boyu hər hansı bir qərar verə bilməyən şəxsdir. Vaxtilə təsadüfən bir seçim edib və sonradan bu seçimə uyğun yaşamağa çalışıb. Yadımdadır vaxtilə atam rəhmətə gedəndə, onun dostlarından biri dedi ki, "atan alim idi, mən isə sadəcə elmi işçiyəm". Məhz Stouner də sadə elmi işçidir. Onun nə elmdə, nə də həyatda heç bir ambisiyaları yoxdur. O sadəcə seçdiyi xətt ilə yaşayır - vaxtı vaxtında evlənir, uşaq edir, professorluq əldə edir, mühazirələri hazırlayır və s. Düzdür Azərbaycanda olan bir çox elmi işçidən fərqli olaraq ən azı öz işində prinsipialdır, amma özü də bilmir niyə prinsipialdır. Təxmin edirəm ki, prinsipiallığın yeganə səbəbi odur ki, işindən kənar özünü heç kim kimi hiss edir deyə, bu da ona prinsipiallıq üçün motivasiya verir. Təxmin edirəm ki, universitet müəllimlərin əhəmiyyətli hissəsi məhz Stouner kimi yaşayır. Düşünürəm onlar da lazımdır, amma elm və təhsil bunun hesabına inkişaf etmir.

- Д. Галуи. Слепой мир. Москва. 1995. 480с. - bilmirəm niyə amma necəsə bu müəllif mənim diqqətimdən kənar keçib. O gün Dokinzin sonuncu kitabını oxuyarkən bu müəllifə və müvafiq romana rast gəldim və mənə maraqlı gəldi. Ona görə Dokinzin kitabını kənara qoyub (hələ də oxuyub bitirməmişəm) D. Qaluini yüklədim və demək olar ki, bir günə bir romanı bitirdim. Əsərin əsas mövzusu post-apokaliptik dünyadır. Təsəvvür edin ki, insanlar üç və ya dörd nəsil yerin altında, qaranlıqda yaşayırlar. Onlar ilə nə baş verəcək? İşıq onlar üçün nə olacaq? İşığa qarşı münasibətləri necə olacaq?

Bu məcmuədə yer alan digər iki romanı ("Simulakron-3" və "Yadplanetlilər bizim aramızdadır") da bir günə bitirdim. Başa düşdüm ki, müasir fantastikaya ən çox təsir edən müəlliflərdən biri məhz Qaluidir (təxmin edirəm ki, Matrix-dən başlamış bir sıra digər film və serialların süjetinin əsasında Qaluinin əsərləri durur). Nə isə, strongly recommended.
- Р. Талер. Новая поведенческая экономика. Москва. 2017. 384с. - gəlin iqtisadi nəzəriyyəni absurda çatdıraq və deyək ki, o doğru deyil. Talerin əsas istəyi məhz budur. Kitab boyu həddindən artıq absurd fikirlərə rast gəlirsən və düşünürsən ki, real olaraq bu insan belə düşünür? Yəni götürüb deyirsən ki, "rasional insan" belə olmalıdır. Niyəsini qeyd etmirsən, sən sadəcə absurda çatdırırsan. Heç bir iqtisadi nəzəriyyə bunu demir, amma sən israrla isbat etməyə çalışırsan ki, o bunu deyir. Ona deyəndə dediyin bir çox məqamlar artıq klassik iqtisadi nəzəriyyə tərəfindən çoxdan qeyd olunub (nə yaxşı kitabın bir hissəsi buna həsr olunub), o cavabında deyir ki, mən bu kitabları oxumamışam (çox qəribə fikir irəli sürür ki, 20-30 ildən müddətdən əvvəl dərc olunan kitabları heç kim oxumur. Məntiqlə o zaman hər 20-30 ildən bir iqtisadi nəzəriyyə eyni şeyi təklif etməlidir). Təxmin edirəm ki, R. Taler sol iqtisadi nəzəriyyə ilə tanış olsa, o lap şoka düşəcək.

Başqa tərəfdən R. Talerin apardığı bu tipli tədqiqatlar konkret məqamda prinsipcə faydalı ola bilər. Misal üçün, bazara yeni məhsul buraxırsan və bu məhsul necə qəbul olunacağını başa düşmək üçün heç də pis olmayan alətdir. Prinsipcə müasir dünyada bütün şirkətlər bundan istifadə edir (tədqiqatlar, sorğular və s.). Amma konkret iqtisadi nəzəriyyəyə bunun heç bir aidiyyəti yoxdur. Yəni iqtisadi nəzəriyyə məhsulun hansı brendə aid olub-olmadığı hesablamır. Onun üçün əsas məhsulun bazarda davranışıdır. Davranış isə bir çox amillərdən asılıdır və bu amillər arasında brend, SKU, onun forması və s. vacib deyil. Yəni insanlar üçün kərə yağı vacibdir. Bu kərə yağını kim və hansı formada istehsal edir - bu konkret supermarket üçün vacibdir.

Eyni zamanda müəllifin özünün də qeyd etdiyi bir məqam var. Onun alətləri siravi insanlardan maksimal olaraq pulun çıxarılmasına xidmət edir. Özü də qeyd edir ki, varlı və s. insanlara dair onun alətləri qeyri-effektivdir, amma sadə insanlardan pul çıxartmaq üçün çox effektivdir. Hər bir halda mən bu kitabı oxumağa vaxt xərclədim, siz isə mənim səhvimi təkrarlamayın.

- А.Я. Панаева. Воспоминания. Москва. 1986. 529с. - Rusiyada inqilabi fikrinin formalaşmasında böyük rol oynayan, öz dövrünün ən məşhur jurnalı olan və bir çox yazıçıların (Turqenev, Tolstoy, Qonçarov və s.) məşhurlaşmasında əsas rol oynayan "Sovremennik" jurnalı neçə formalaşıb, hansı inkişaf mərhələlərini keçib, onun formalaşmasında əsas rol oynayan şəxslər hansı şəraitdə yaşayıbrlar və s. suallara cavab verməyə çalışan xatirələrdir. Panayeva "Sovremennik" jurnalının möhtəşəm dövrünün (jurnalın yaradıcısı Puşkin idi, amma nə onun dövründə, nə də ondan sonra 1847-ci ilə kimi jurnal çox da böyük populyarlıq qazanmamışdı) yaradıcılarından biri İ.İ. Panayevin həyat yoldaşı idi. Sonradan formal olaraq Panayevin həyat yoldaşı olsa da, real olaraq Nekrasovun (jurnalın yayılmasında ən əsas rol oynayan şəxs) həyat yoldaşı idi (buna baxmayaraq üç nəfər birlikdə yaşayırdılar. Qəribə dövran idi).

Düzdür bu xatirələrdə şəxsi həyata dair qeydlər çox azdır (deyilənə görə, senzura bir çox məqamları yığışdırıb. Xatirələrin senzurasız variantı isə bizə çatmayıb), amma hər bir halda yaşam tərzi və s. çox maraqlı təsvir olunub. Sən faktiki olaraq Belinski, Dobrolyubov, Nekrasovun gündəlik həyatının təsviri ilə tanış olursan. Müəllif bir çox məqamlarda öz subyektiv fikirlərini real fakt kimi qeyd edir (misal üçün, Turqeneva qarşı çox amansızdır. Əlavələrdə qeyd olunur ki, Turqeneva dair bir sıra ittihamlar reallığı əks etdirmir), amma məhz bunun olması maraqlıdır. Oxuduqca real olaraq hiss edirsən ki, bu qoca bir insanın xatirələridir - müxtəlif faktlar qarışır, bəzi şəxslər ümumiyyətlə qeyd olunmur, bəzi şəxslər fərqli şeylərdə ittiham olunur, bəzən iri ideoloji mübahisə məişət mübahisəsi kimi təsvir edilir və s. Dövranı müəyyən qədər başa düşmək üçün maraqlı xatirələrdir.
👍1
- К. Исугуро. Остаток дня. Москва. 2021. 304с. - qəribə əsərdir. Bu dəfə də oxumağıma səbəb çox sadə idi. Birincisi bu müəllifi daim kitab mağazalarında görürəm. Bu müəllif haqqında yenə də Rüfət ilə Lamiyədə qeydlər gördüm. Ondan sonra xoşladığım audiokitab səsləndiricisinin siyahısında da bu kitaba rast gəldim. Ona görə düşündüm ki, əşi başlamaq olar. Yaxşı bəs mən özüm bu kitabı kiməsə tövsiyə edə bilərəmmi? Düşünmürəm. Düzdür maraqlı mövzudur - öz həyatını kiməsə xidmət göstərməyə həsr edən şəxs, həyatının sonundu hansı nəticələrə gəlir? Məlum olur ki, heç bir nəticəyə gəlmir. Həyat boyu necə axmaq idisə, elə də qalır, inkişaf etmir. Eyni zamanda şəxsən mənim üçün oxumaq (qulaq asmaq) çox çətin idi. Hər hansı bir qaşığın yuyulmaması qlobal bir problem kimi göstərilməsi qəribə bir təəssürat yaradırdı. Düşünürdün ki, sən niyə buna qulaq asırsan. Yəni düzdür, müvafiq sahədə bu problem hesab oluna bilər, amma çox absurda çatdırılmış bir qəhrəman idi. Belə məqamlar bir az səni reallıqdan uzaqlaşdırırdı. Eyni zamanda düşünürəm ki, belə tipli əsərlər kifayət qədər çoxdur.

- И.А. Кущевский. Николай Негорев. Москва. 1984. 400с. - XIX əsr 50-60-ci illərində Rusiyada kifayət qədər maraqlı və istedadlı yazıçı çıxıb. Sadəcə onların arasında bir çoxları çox gənc yaşlarında vəfat edib. Səbəbləri də demək olar ki, eynidir - pul yox idi, alkoqolizmə düçar oldurlar və bir neçə ilə vəfat etdilər. Bəlkə də sağ qalsaydılar aralarından çox məşhur yazıçılar çıxa bilərdilər. Niyəsə son zamanlar bu yazıçıların əsərləri maraqlı gəlir. Mən burada artıq bir neçə nəfər haqqında yazmışdım (Sleptsov, Pomyalovski, Qriqoroviç və s.), indi də Kuşevskiyə çatdım. Təsəvvür edin ki, maraqlı bir dönəmdə yaşayırsınız. Ətrafınızda gündəlik olaraq nəsə dəyişir, cəmiyyət dəyişikliklər gözləyir. Bəs siz bu şəraitdə nə edəcəksiniz? Burada əslinə qalsa üç seçim var - dəyişikliklərə qoşulub, onları inkişaf etmək, dəyişikliklər ilə mübarizə aparmaq və ya kənarda qalmaq. Əsas qəhrəman üçüncü yolu seçir. O hər şeydən kənarda qalır. Yeni şərait yeni imkanlar yaradır və o bu imkanlardan istifadə edir, amma özü bu dəyişikliklərin stimullaşdırılmasında iştirak edir. Dostları aktiv iştirak edir və nəticədə biri həbs olunur, başqası ölkədən qaçır, üçüncüsü vəfat edir, dördüncüsü alkoqolizmə düçar olur və s. Sən isə heç nəyə qoşulmadın, gənc olanda bir az "liberal" idin, yaşlandıqca isə iri bir məmura çevrildin və özün üçün yeni bir çevrə formalaşdırdın.

Kitabla bağlı bir məqamı qeyd etmək lazımdır. Deməli kitabın ən maraqlı hissəsi 288-ci səhifədən başlayır və növbəti səhifə.. 257-dir. Yəni əgər internetdən romanın davamını tapmaq imkanım olmasaydı, mən romanın son 23 səhifəsində baş verənləri öyrənə bilməyəcəkdim. Kitabda həm də müəllifin bir neçə hekayəsi də yerləşdirilib. Əslinə qalsa çox maraqlı və gülməli hekayələrdir. Onları bir az adaptasiya edib hətta müasir dönəmə aid etmək olar.
2👍1
Forwarded from Çəpəki
Siyasi məhbus Fərid Mehralızadə 3 may Dünya Mətbuat Azadlığı günü ilə bağlı deyir:
10👍3
Azərbaycan Mərkəzi Bankı ilin ilk dörd ayı ərzində 2007-ci ildən bəri (rəsmi saytında tapılan ilk məlumatlar 2007-ci ilə aiddir) valyuta ehtiyatlarını bu qədər artırmırdı. Eyni dövr ərzində ən yüksək göstərici 2008-ci ilin yanvarına aiddir, o da 558 milyon dollar idi.

Ümumiyyətlə isə Mərkəzi Bankın valyuta ehtiyatlarında ən rekord valyuta artımı 2011-ci ilin dekabrında qeydə alınmışdı - 3,45 milyard dollar. Bu ilin aprel ayı müvafiq göstəriciyə görə ikinci yerdədir. Üçüncü yerdə 2022-ci ilin dekabrıdır.
👍3
Şəkildə siz Ermənistan Dövlət Vergi Komitəsinin rüblük hesabatından qismən tərcümə olunmuş skrini görə bilərsiniz. Deməli müvafiq dövlət qurumu hər rüb (rüb bitəndən təxmini 20 gün ərzində) vergi ödəyicilərinin TOP-1000 siyahısını dərc edir. Siyahıda hesablanma üsulu bəlli olmayan ümumi məbləğ yox, strukturlaşdırılmış formada dövlət büdcəsinə ödənilmiş vergilərin həcmi göstərilir.
2👍2😭1
Arzular: iqtisadi inkişaf, yaşıl dünya, bərpaolunan resurslar, süni zəka, bərabərlik və s.

Reallıq: ABŞ İran müharibəsi səbəbindən bəzi Avropa ölkələrinə silah tədarükünü təxirə salacaq. Məlumata görə, ABŞ müharibəyə görə öz ehtiyatlarını ciddi sürətdə istifadə edib və buna görə bərpa etmək üçün vaxt tələb olunur.

Dünya iqtisadiyyatında böhrandır? O zaman gəlin hərbi silah-sursat istehsalını genişləndirək...