Mashalli
1.89K subscribers
1.31K photos
9 videos
12 files
1.1K links
Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
Download Telegram
Deməli, Anar Əliyev növbəti dəfə metro haqqında video çəkib. Çoxdandır onun videolarına baxmıram və heç rastıma da çıxmır. Amma niyəsə bu dəfə Youtube hesab etdi ki, “Yeni qatarlar və yeni stansiyalara baxın” videosuna mən də baxmalıyam. Çox böyük çətinliklə 9 dəqiqəsinə baxa bildim. Başa düşürəm metro son zamanlar öz PR ilə məşğuldur, amma düşünmürəm ki, müvafiq sahədə özünü ekspert və s. kimi göstərən şəxslər də bu işlə məşğul olmalıdırlar (misal üçün, soruşur ki, stansiya nə vaxt açılacaq və cavabında "2026-ci ilin sonuna kimi" alır. Bir il əvvəl deyilirdi ki, "2025-ci ilin sonuna kimi". PR ilə məşğul olmayan şəxs konkret tarixi öyrənməyə çalışacaq idi və əminəm ki, metronun daxili planlarında "2026-ci ilin sonuna kimi" adlı bir tarix yoxdur).

Nəsə, keçək əsas məsələyə, deməli videonun bir dəqiqəsi “metro stansiyasının qiyməti nədir?” sualına həsr olunub. Düşünürsən ki, nə gözəl, nəhayət, Anar ciddi suallar verməyə başladı. Bu dəfə video maraqlı olacaq və sağ olsun, Youtube videonu mənə məsləhət gördü. Bundan əvvəlki hissəsində metronun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi qeyd olunan Bəxtiyar Məmmədov qeyd edirdi ki, bütün tikintilər müvafiq tenderlər çərçivəsində həyata keçirilir. Təkcə sözə inanan sadə Azərbaycan jurnalistindən fərqli olaraq mən etender.gov.az daimi istifadəçisiyəm və, əlbəttə ki, dərhal sayta daxil oldum (yeri gəlmişkən, A. Əliyev də bunu edə bilərdi. Adətən dövlət qurumlarında çalışan dostlarım bəzən söz əsnasında qeyd edirlər ki, “indi hər şey şəffafdır, bütün xərclər etender-dən keçir” və sonradan bunu mənim yanımda dediklərinə təəssüflənirlər, çünki mən dərhal, heç bir saniyə gözləmədən yanınlarında etender-ə daxil oluram və işlədiyi qurumun tenderlərinə baxırıq. Demək olar ki, 90% halda məlum olur ki, bu və ya digər işlər ümumiyyətlə etender-də yoxdur ya da olsa belə, dəyəri çox yuxarı qeyd olunur və ya qalib olan şirkəti heç kim tanımır).

Dayandıqları “Dərnəgül” deposuna dair yalnız ““Dərnəgül” Elektrik Deposunun qatarların hərəkətinin avtomatikası və telemexanikası (QHAT) qurğularının, mikroprosessor mərkəzləşdirməsi (MPM), rabitə sistemləri və B4 stansiyasında istiqamətvermə sisteminin layihələndirilməsi xidmətlərin satın alınması”na dair müqaviləni tapa bildim. Onun da dəyəri 2.57 milyon manat təşkil edirdi. Bəs bütün depo və stansiya neçəyə başa gəlir? Nəhayət A. Əliyev buna dair sual verdi. Amma sən saydığını say, gör...

Müvafiq məqamda videoda Azər Əliyev adlı bir tədqiqatçı çıxış edir. Dayan görün, bəs indi elə bu videoda Bəxtiyar Məmmədov var idi. O bu suala dəqiq cavab verə bilər. Yoxsa digər ölkələrdə metrostansiyaların tikinti dəyərini öyrənmək üçün hansısa tədqiqatçıya müraciət etmək lazım deyil. Sadəcə oturursan google edirsən və öyrənirsən ki, 2021-ci ildə Londonda açılan yeni iki stansiya 1.1 milyard funt sterlinqə başa gəlib (cəmi 3.2 km). Nyu-Yorkda az qala bir kilometr 4 milyard dollara başa gəlir. Parisdə bu göstərici təxmini 250 milyon avrodan çoxdur və s. Hər şey müvafiq şəhərlərin infrastrukturundan, geoloji vəziyyətindən və s. asılıdır. Eyni zamanda yeni stansiyasının tikildiyi ərazi də vacibdir. İri şəhərlərdə artıq boş yer tapmaq mümkün deyil. Bakının bu cəhətdən ciddi bir üstünlüyü var. Kifayət qədər ərazilər dövlət mülkiyyətindədir və onun alışı üçün vəsait xərcləmək kimi ehtiyac yoxdur. Ona görə bizdən tamamilə fərqli şəraitdə olan digər şəhərlər ilə müqayisə etmək mənasızdır (lazımdırsa, aşağıda 2023-cü ildə tərtib olunmuş müvafiq cədvəli də yerləşdirirəm). Mənə maraqlı olan Bakıdır. Bakıda neçəyə başa gəlib? Bildiyim qədər stansiyalara dair bir sıra müqavilələr artıq imzalanıb və metro nümayəndəsi ən azı indiki məqama müvafiq stansiyalara xərclənən vəsait haqqında məlumat verə bilər. Bəs niyə ondan soruşmayasan? Ya metro nümayəndəsi özü də bunu bilmir?
👍143😴3👏2
Nəsə, elə gözəl ölkədə yaşayırıq ki, burada hətta metroya xərclənən vəsaitlər belə az qala dövlət sirri kimi qəbul olunur. Nəqliyyat ilə məşğul olanlar isə sadəcə “dizayn-kod”, “rəng”, "velosiped yolları" və s. mövzuları ciddi hesab edirlər.
👍112🤣2
Mikrokreditlər haqqında

Bu yaxınlarda Rusiyada dərc olunan statistikadan məlum oldu ki, mikromaliyyə təşkilatları artıq uzun müddət gözləmədən vaxtı keçmiş kreditləri demək olar ki, dərhal satırlar. Yəni biz öyrəşmişik ki, bir müddət kredit hələ kredit təşkilatında qalır və yalnız sonradan kollektora keçir. Amma indi Rusiyada vəziyyət bir az başqadır. Deyilənə görə əsas səbəb məhkəmə xərclərinin artmasıdır. Ona görə mikromaliyyə təşkilatları kreditin vaxtı keçdiyi halda onu kollektor təşkilatlara satırlar. Bu “cavan” (yəni az müddət keçən) kreditlərin payı qaytarılmayan kreditlərin arasında artıq 46%-ə çatıb. Ümumi olaraq Rusiyada müvafiq sahədə problemlərin həcmi günü gündən artır.

Bəs Azərbaycanda vəziyyət necədir? KİV-lər tez-tez bank kreditlərin strukturuna diqqət ayırırlar, amma BOKT və ya lombard kreditləri diqqətdən kənarda qalır. Düzdür, lombardlara dair ümumiyyətlə məlumat çox azdır. Sonuncuların iqtisadiyyatda rolu və iştirakı haqqında hər hansı material tapmaq mümkün deyil. Müvafiq sahədə statistik təhlil aparan xüsusi birlik və assosiasiya yoxdur (çox qəribədir ki, Rusiyada hətta yeni sahə olsa belə artıq müvafiq sahədə fəaliyyət göstərən birlik yaranır. Yəni müvafiq sahibkarlar ən azı başa düşürlər ki, hüquqlarını müdafiə etmək üçün birləşmək daha effektivdir. İndi bunun işçilərə xeyri varmı ya yox başqa məsələdir, amma ən azı öz hüquqlarını müdafiə etmək, sahədaxili tənzimləmə aparmaq və s. dərhal təşkilat yaranır. Bizdə onilliklərlə fəaliyyət göstərən sahə ola bilər, amma müvafiq sahədə məşğul olan şirkətləri birləşdirən heç bir birlik və s. yoxdur) və eyni zamanda maliyyə nəzarətdən də kənarda qalırlar (lisenziya və ya əlavə icazə tələb edən fəaliyyət ilə məşğul olmadıqları üçün). Müqayisə üçün qeyd etmək olar ki, “Sizin Lombard” adlı lombardların sahibi GL ASC-nin maliyyə hesabatına görə 2024-cü ilin sonuna onların kredit portfeli 47,2 milyon manat təşkil etmişdi. Bu isə faktiki olaraq iri BOKT-un verdiyi kreditlər həcmidir.

Təəssüf, ümumi sahə üzrə detallı məlumat olmasa da bəzi BOKT-lar kreditlərin strukturu haqqında nisbətən ətraflı məlumat təqdim edirlər. Misal üçün, Azpul MMC-nin məlumatına görə 2024-cü ilin sonuna onların kredit portfeli 107,7 milyon manat təşkil edirdi. SF Azərbaycan (“Manato”) üzrə müvafiq göstərici 84 milyon manat təşkil edirdi. Maraqlıdır ki, iki ən iri BOKT üzrə kreditlərin strukturu ciddi sürətdə fərqlənir. Belə ki, Azpulmat verdiyi kreditlərin yarısı qədər kredit zərərini təxmin edir və görünən odur ki, cəmi 5.7%-də ödənişlər vaxtında edilir. Manato üzrə göstəricilər tamamilə fərqlənir. Belə ki, verdiyi kreditlərin yalnız 30% üzrə zərər təxmin edir və eyni zamanda qeyd edir ki, verdiyi kreditlərin 55% üzrə ödənişlər vaxtında edilir.
👍1
İki fərqli BOKT və tamamilə fərqli göstəricilər. Onlardan hansı reallığa daha yaxındır – demək çətindir. Digər BOKT-lar üzrə eyni məsələni yoxlasaq görə bilərik ki, Finca-da verilmiş kreditlərin 32% üzrə problemlər yaşanır, Finoko və Embafinans üzrə müvafiq göstəricilər daha aşağıdır. Hər bir halda bildiyimiz odur ki, BOKT-lardan kredit götürənlərin əhəmiyyətli hissəsində (yarısında) krediti qaytarmaq ilə bağlı problemlər yaşanır. Kreditlərin həcminin 300-500 manat olduğunu nəzərə alsaq iqtisadiyyatda vəziyyətin necə olduğunu daha da aydın görə bilərik.
😱5👍1
Bir az İran haqqında

İran bildiyimiz qədər dini ölkədir və müvafiq olaraq orada həyat dini qaydalara tabedir. İndi bunun nə dərəcədə doğru olub-olmadığı başqa bir müzakirə mövzusudur. Sadəcə mənə həmişə dini ölkələrin əhalisi maraqlı gəlirdi. Müasir trendlər insanları dindən uzaqlaşdırır, bəs bu ölkələr necə yaşayır? Əhalisinin real istəkləri nədən ibarətdir? Real olaraqmı insanlar dinlə yaşamağa çalışırlar ya bunu fiksiya kimi qəbul edirlər və sadəcə öyrəşirlər (prinsipcə, ölkəmizdə belə bir çox adət və qaydalar faktiki olaraq fiktivdir. Biz sadəcə bu adət və qaydalar ilə yaşamağa öyrəşmişik. Günlərin bir günü kimsə elan etsə ki, “bu adət-qayda ilə yaşamaq olmaz” insanlar bir çox hallarda dərhal onlardan imtina edəcəklər)?

Təəssüf, İranda hər nə qədər elmdə və s. müəyyən azad fikir olsa da qeyd etdiyim mövzuda hər hansı bir tədqiqat keçirmək mümkün deyil (hətta Azərbaycanda bu mövzuya dair nəsə keçirmək mümkün deyil. İnsanlar sadəcə formallıq naminə cavab verəcəklər. Çox nadir hallarda dürüstlük göstərirlər). Bununla belə xaricdə yaşayan iranlılar arasında belə tipli sorğular daha rahatdır. Deməli ABŞ-da fəaliyyət göstərən Public Affairs Alliance of Iranian Americans hər il sorğular keçirir. Bu sorğuların əsas məqsədi daha çox ABŞ cəmiyyətinə inteqrasiya olunub-olunmamasını müəyyən etməkdir. Eyni zamanda bir sıra demoqrafik suallar da verilir.
Nəticədə məlum oldu ki, dindən uzaq olan insanların payı iranlılar arasında (ABŞ-da təxmini 700 min iranlı yaşayır və bu qrup İrandan olan bütün xalqları əhatə edir) payı 30%-dən 47%-ə kimi artıb. Eyni dövrdə müsəlman və bəhailərin payı azalıb. Düzdür İranda tamamilə eyni proseslərin keçdiyini demək çətindir – ölkədən qaçanlar arasında, əlbəttə ki, ateistlərin və ya hökmran dindən kənarda olanların payı daha çoxdur, amma təxmin etmək olar ki, ümumi trend eynidir (prinsipcə xaricdə və Azərbaycanda yaşayan azərbaycanlıları müqayisə edə bilərik).
Altı aya bağlanan McDonald’s restoranı

2025-ci ilin dekabrında yeni il bayramı ərəfəsində “McDonald’s Azərbaycan” paytaxtda 35-ci restoranını açıb. Yeni restoran Yeni Yasamal massivində, Arif Mehdiyev küçəsi, giriş 2 ünvanında yerləşir. "McDonald’s Azərbaycan" şirkətinin rəsmi saytına daxil olub, “ünvanlarımız” bölməsinə keçəndə məlum olur ki, reallıqda ölkədə cəmi 33 restoran mövcuddur. Bəs niyə belədir? Mənə bəlli olmayan səbəbə görə bir bağlanan restoranı (Bakıxanov qəsəbəsində yerləşən) niyəsə nəzərə almırlar, amma sonuncusu təzəlikcə bağlanıb və dekabrda müvafiq məlumat yayılanda hələ də fəaliyyət göstərirdi. Bəs o restoran niyə bağlandı? Müştəri az idimi? Nə baş verdi?

Deməli 2025-ci ilin avqustunda McDonald’s Azərbaycan AQTA-dan Bakı şəhəri, Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 133A ünvanı (yeri gəlmişkən, ünvan düzgün qeyd olunmamışdı. Reallıqda bir qədər başqadır) üzrə açılacaq restoran üçün müvafiq sertifikatı əldə etdi. Çox keçmədi, sentyabrın ortalarında müvafiq ünvan üzrə restoranın açılışı baş tutdu. Müvafiq məlumatda qeyd olunmuşdu ki, “restoranın açılış mərasimində “McDonald’s Azərbaycan” şirkətinin Müşahidə Şurasının sədri Fərid Əlizadə və iş adamı Ramin Hacıyev iştirak ediblər”. Əslinə qalsa son zamanlar açılan McDonald’s restoranlarının çoxunun açılışında “iş adamları” iştirak edir. Materialda adətən bu iş adamlarının iştirakının səbəbi qeyd olunmur. Reallıqda görünən odur ki, son zamanlar McDonald’s Azərbaycan sub-françayzi sisteminə keçib və artıq ayrı-ayrı sahibkarlar bu brend altında restoranlarını açmaq imkanını əldə ediblər. Ramin Hacıyev isə belə demək olarsa müvafiq sahədə məşhur şəxsdir və hətta bir sıra müstəqil KİV-lərimizin təhiqatlarının qəhrəmanı da olub.

Nəsə, bu boyda açılışdan sonra heç yarım il keçmədi və.. restoran bağlandı. Səbəb isə çox sadədir – Nəsimi rayonu Xaqani küçəsi 54 və Üzeyir Hacıbəyli 51 ünvanlarında yerləşən beşmərtəbəli və Kövkəb Səfərəliyeva 2 ünvanında yerləşən çoxmərtəbəli binalar üzrə fevralın ayının ikinci yarısından bəri sökülmə işləri başladı. Müvafiq işləri AİST-1 MMC (çox qəribə şirkətdir. 2004-cü ildən bəri fəaliyyət göstərir, amma internetdə bu şirkət haqqında heç bir məlumat tapa bilmədim. Adətən tikinti şirkətləri bir ya iki bu və ya digər mübahisədə ən azı iştirak edirlər. Xüsusən də tarixi böyük olan şirkət 100% hansısa məhkəmə çəkişməsində, sakinlərlə mübahisədə iştirak edib, amma bu AİST-1 hər şeydən kənarda qalıb. Ya da vaxtında qabağını almağa bacarıblar, ya da başqa bir iri şirkətin sadəcə qoludur) adlı bir şirkət həyata keçirir. Çox qəribə bir vəziyyətdir. McDonald’s restoranı açır və yarım il sonra onu bağlamaq məcburiyyətində qalır (bina rəsmi olaraq 3 ildən sonra istifadəyə veriləcək).

Məsələnin daha bir maraqlı tərəfi ondan ibarətdir ki, söküntü və tikinti işlərinə dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin reyestri mövcuddur. Bu reyestrdə ölkə üzrə həyata keçirilən bütün tikinti və söküntü işləri öz əksini tapmalıdır, amma.. qeyd olunan ünvana dair heç bir məlumat yoxdur. Məsələ həm də ondan ibarətdir ki, söküntü işləri bir-iki günə başlamır. Bunun üçün uzunmüddətli razılaşdırmalar və s. lazımdır. Çox uzağa getmədən, Azəriqaz, Azərsu, Azərişiq, yerli icra hakimiyyəti və s. məlumatlandırılmadılar. Eyni zamanda işlərin tarixi hamı ilə razılaşdırılmalıdı və s. Yəni bu işlər adətən ən azı yarım il əvvəl başlayır. Ölkədə şəffaflıq olsa idi bu barədə biz artıq bir il əvvəlcədən öyrənərdik və ehtimal edirəm ki, McDonald’s da beş ay fəaliyyət göstərmək naminə restoranını açmazdı (müqayisə üçün eyni binada olan KFC-nin restoranı artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərirdi). Şəffaflıq yoxdursa, bu hamıya, siravi vətəndaşdan başlamış ölkədə ən iri restoran şəbəkələrindən birinə kimi, təsir edir.
👍83👏2🥱1🫡1
Mart ayında oxuduğum kitablar haqqında (nəhayət bu dəfə statusu təxmini vaxtında paylaşıram):

- Савченко В. Открытие себя. Москва. 1967. 352с. - fikrimcə Sovet ədəbiyyatında "Ottepel" dövründə yazılan əsərlərin xüsusi yeri var. Ən azı mənim xoşuma gəlir. Müvafiq dövrə aid bir çox əsərləri oxumuşam, amma hər dəfə yeni bir əsər tapıram. Bu dəfə V. Savçenko oldu. Onun karyerası məhz qeyd etdiyim dövrdə başladı. Yazdıqları əsasən fantastikaya aiddir. Ən məşhur əsəri isə "Открытие себя" romanıdır. Maraqlı romandır. Romanın əsas mövzusu insan klonlarının yaradılmasıdır - bunun etik, elmi və s. tərəfləri müzakirə olunur. Başqa tərəfdən əsər 1967-ci ildə dərc olunmasına baxmayaraq (yəni "zastoy" dövründə) bir çox məqamlar açıq olaraq göstərilir (misal üçün, sifarişli dissertasiyalar, korrupsiya və s.). Yeri gəlmişkən, Hollivud filmlərində hər hansı fantastik hadisə baş verirsə, ilk əvvəl bilmirəm CİA, NASA və s. işə cəlb olunur, bu əsərə görə sovetlərdə isə.. milis;
1
- Schwartz D.J. The Magic of Thinking Big. London. 2019. 384 - heç vaxt "motivasiya" ədəbiyyatının mənasını başa düşməmişəm və oxumağa heç cəhd də etməmişəm. Bu dəfə isə.. doğum günümə bu kitabı hədiyyə etmişdilər deyə, düşündüm ki, "əşi, bir dəfə olar" (özü də deyəsən bu sahədə ən birinci nümunələrdən biridir). Nəsə, noyabrın sonu oxumağa başladım və.. martın ortasında bitirdim. Oxumaq çox çətin idi. Dili, quruluşu və s. həddindən artıq sadə olan bir kitabı, 4 aya bitirə bildim. Əsas problem mövzularda idi. Yəni belə deyək uşaqlıqdan hamıya aşılanan normalar təsvir olunurdu və eyni zamanda eyni məsələ kitab boyu ən azı üç-dörd dəfə təkrarlanırdı. Konkret olaraq kitabı oxuduqca, özümü "söyürdüm". Sadəcə sonra heç kim deməsin ki, oxumadan tənqid edirsən, kitabı bitirməyi özümə məqsəd qoymuşdum. Hər bir halda mən sizə bununla tanış olmağı tövsiyə etmirəm;

- Карре Д. Шпион, пришедший с холода. Москва. 2016. 320с. - bu yaxınlarda mənə "Night manager" serialını tövsiyə etdilər. Birinci seriyasından maraqlı gəldi və düşündüm ki, ilk əvvəl əsəri oxuyum, sonradan baxım. Le Karreni heç vaxt oxumamışdım, amma onun yazdığı janr ən azı müəyyən qədər istirahət üçün seçdiyim istiqamətdən biri idi. Audiokitab axtardıqca, niyəsə konkret olaraq "Night manager"-i tapmadım (kağız və ya elektron formatda belə şeyləri oxumağa heç bir həvəs yox idi). Qarşıma qeyd olunan roman çıxdı və dedim ki, nə fərqi var, onsuzda tərzi və ümumi mövzular təxmini eynidir. Əsər SSRİ və s. dair bir çox "ştamplardan" ibarətdir. Yolüstü düşünmədən qulaq asmaq üçün prinsipcə normal bir əsərdir;

- Гроссгейм А.А. В горах Талыша. Москва. 1960. 120с. - Azərbaycanın ilk bioloqu faktiki olaraq A.A. Qrossheym olmuşdu. Bizdə mənə bəlli olmayan səbəblərə görə əgər Azərbaycanın hansısa sahədə ilk nümayəndəsi haqqında danışırlarsa, bu konkret olaraq azərbaycanlı olmalıdır. Hətta təsəvvür edin ki, Elmlər Akademiyasının rəsmi saytında paylaşılmış "AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi: tarixi uğurları və perspektivləri" adlı məqalədə ilk əvvəl Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Firuz Məlikov, Cəbrayıl Hüseynov və s. qeyd olunur, amma Botanika institutunun təşkilatçısı və ilk direktoru, Qafqaz (o cümlədən, Azərbaycan) florasının ilk sistematiki olan A. Qrossheym sadəcə sonda verilən alimlər siyahısında (özü də Cəlal Əliyevdən sonra) qeyd edilir. Düzdür A. Qossheym Azərbaycanda anadan olmayıb, amma 1926-ci ildən 1947-ci ilə kimi ölkəmizdə fəaliyyət göstərib, bir çox bölgələrin florasını təsvir edən ilk şəxs olub, müvafiq sahədə məktəb yaradıb. Məhz onun səyləri nəticəsində bu istiqamətdə ölkəmizdə elmi institut, Bakıda botanik bağ, bir sıra qoruqlar yaradılıb (düzdür bu barədə ən azı rəsmi saytda olan bioqrafiyada qeyd olunur). Amma insanların çoxunun bu barədə heç bir məlumatı yoxdur.

Nə isə, kitaba gəldikdə isə, Qrossheym Leninqrada köçdüyündən əvvəl iştirak etdiyi ən son ekspedisiya (təsəvvür edin ki, insan 11 ildir ki, institut direktorudur, amma özü şəxsən dağa-daşa dırmaşır, ekspedisiyalarda iştirak edir, sistemləşdirmək ilə məşğuldur. Yəni elə-belə inzibatçı deyil) haqqında xatirələrini kitabça formatında buraxır (elə Bakıdan köçdüyü ilk ildə də vəfat edir). Düzünü desəm maraqlı idi. Daha doğrusu ekspedisiyaların necə keçdiyini və s. başa düşmək cəhətindən maraqlı bir kitabça idi. Oxuduqca Talış dağlarına, xüsusən də bütün bölgəyə, olan sevgini görmək olar. Yəni real olaraq insan bu təbiəti və s. çox sevir deyə maksimal olaraq onu təsvir etməyə çalışır. Müəllifin bədii bacarıqları çox da yaxşı deyil, amma öz məhdud imkanları çərçivəsində bu sevgini oxuculara da aşılamağa çalışırdı;
31
- Званцев С. Были давние и недавние. Москва. 1974. 352с. - bu kitabın evimizdə olmasının çox sadə səbəbi var. Müəllif Taqanroq şəhərində böyüyüb və kitabında şəhərə aid əhvalatlar təsvir edilib. Taqanroq isə Çexovun vətənidir. Əgər kitabın Çexova hətta cüzi belə aidiyyəti varsa, o bizim evimizdə olmalıdır. Atam Çexovun çox böyük pərəstişkarı idi deyə, ona dair hər şeyi toplayırdı (və oxuyurdu. Bir dəfə hesablamışdım ki, əsər toplularından başqa evimizdə Çexov və Lermontova həsr olunmuş hardasa 200 kitab var). Sadəcə Çexovun yaşadığı dövrdə və böyüdüyü şəhərdə baş verən əhvalatlar təsvir edilir. Sonda da müəllifin fantastik povesti də yerləşdirilib;

- Витшток У. Февраль 1933. Зима немецкой литературы. Москва. 2024. 304с. - ölkə diktatorluğa gedir, insanları fikirlərinə görə həbs edib, öldürürlər, və sən məşhur yazıçısan - nə etməlisən? Vitştokun kitabından başa düşdüyümüz odur ki, ölkədən qaçmalısan: "Əşi, bu gün-sabah vəziyyət dəyişəcək. Qoy adi insanlar bu 10-15 ili yaşasınlar, mən isə bir az İsveçrədə, ABŞ, Fransada istirahət edim". Kitabda müxtəlif məşhur yazıçıların gündəlikləri, memuarları əsasında toplanılmış materiallar günbəgün təsvir olunur. Bəlkə mübarizə aparaq? Bəli, bəziləri bu variantı nəzərdən keçirirlər, amma Parisdə oturub (bəzən İsveçrəyə dəymək ilə), Almaniyada nasizmə qarşı mübarizə aparmaq haqqında düşünürlər.
23
O gün Gürcüstan Forbes-un siyahısına dair yazdığım postun şərhlərində vaxtilə buna yaxın reytinq (əslinə qalsa bu hesablama yox, daha çox konkret olaraq sosioloji reytinq idi) tərtib edən "Hesabat" jurnalını xatırlatdılar.

Ona görə Milli kitabxanaya müraciət edib, müvafiq jurnalı elektronlaşdırmağı xahiş etdim. Onlar da tədricən bunu edirlər. Birinci nömrəsi ilə buradan tanış ola bilərsiniz.

Reytinqi də siz şəkillərdə görə bilərsiniz.
👍8😁4
Qrafiti haqqında danışmışkən: "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində Bakı şəhərində 3.6 min nöqtədə 11.8 min kamera quraşdırılıb (və ya ortalama bir nöqtədə 3 kamera). Onların 4.6 mini üztanıma kamerasıdır.
😱10👍6
Quru sərhədlər haqqında: hətta bu məsələdə belə hökumətimiz diskriminasiyadan yan qala bilmədi. Yerləşdirilən cədvəldə siz sərhəd-keçid məntəqələri üzrə statistikanı görə bilərsiniz. Gürcüstana gedən Azərbaycan vətəndaşları üçün əsas sərhəd-keçid məntəqəsi artıq hava limanıdır. Türkiyə ilə sərhəd-keçid məntəqəsi üzrə vəziyyət başqadır. Belə ki, orada əksinə 10%-lik artım qeydə alınıb.

Vəziyyət niyə fərqlidir? Səbəbi çox sadədir - Naxçıvan MR qeydiyyatlı şəxslər Türkiyə ilə quru sərhədi keçə bilirlər, amma digər sərhədyanı rayonlara belə bir imkan verilməyib. Niyə? Bəlli deyil. Əgər diskriminasiya etmirsinizsə, niyə Qazax, Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Astara və s. sərhəd rayonlara eyni hüququ tanımamısınız?
3❤‍🔥52
Süni intellekt bazarı deyərkən hansı şirkətlər və sahələr başa düşülür? Müvafiq bazarda vəziyyət necədir? Adətən yeni məhsul bazarı yaranarkən orada daha çox azadlıq və yeni imkanlar olur. Bəs süni intellekt bazarı belədirmi? Bu suallara Beynəlxalq Hesablaşmalar Bankı (BHB. Adətən mərkəzi banklar və ümumiyyətlə bank sisteminə dair məsələlərdə beynəlxalq tənzimləmə aparan faktiki olaraq beynəlxalq qurumdur) cavab verməyə çalışdı.

Məlum oldu ki, süni intellekt nisbətən yeni texnologiya və məhsul olmasına baxmayaraq, müvafiq bazar artıq formalaşandan bəri daha çox inhisar bazarıdır. İlk əvvəl qeyd etmək lazımdır ki, Sİ bazarı faktiki olaraq beş fərqli sahədən ibarətdir. Bəzi şirkətlər konkret olaraq bir sahəni seçirlər, digərləri isə bütün beş sahədə fəaliyyət göstərirlər. BHB dünya üzrə ən iri 20 şirkəti seçdi və məlum oldu ki, onlar arasında 13-ü ABŞ qeydiyyatlı şirkətlərdir. Bu 13 şirkət arasında yeddisi faktiki olaraq bütün beş istiqamət üzrə fəaliyyət göstərir və kapitallaşmanın həcminə görə arxada qalan bütün 13 şirkəti qabaqlayır. TOP-20-də təmsil olunan digər ölkələr Çin, Cənubi Koreya, Niderland və Tayvandan ibarətdir. Yalnız Çin şirkətləri bütün istiqamətlər üzrə fəaliyyət göstərməyə çalışırlar. Bəzi şirkətlər, TSMC (Tayvan) və ya ASML (Niderland), konkret olaraq bir sahəni seçiblər və bu istiqamət üzrə ixtisaslaşırlar.

Nəsə BHB deyir ki, Sİ bazarı həddindən artıq təmərküzləşib. Bu bir tərəfdən xərcləri azaltmağa və innovasiyaları tezləşdirməyə xidmət edir. Amma başqa tərəfdən bu o deməkdir ki, yaxın gələcəkdə istifadə olunacaq infrastruktur faktiki olaraq inhisarçıların əlindədir. Başqa sözlə bu sahədə də rəqabətin artırılması istiqamətində tənzimləmə lazım olacaq. Əks halda yeni məhsul bazara gələn kimi biz bir neçə oyunçunun əlində olacayığ.
1
Süni intellekt bazarında fəaliyyət göstərən şirkətlər.
1
İki ölkənin, ABŞ və Qətərin, payına dünya üzrə istehsal olunan heliumun 76%-i düşür. İndi isə onlardan biri, Qətər, problemlərlə üzləşib. Sıxılmış təbii qazın istehsalı dayandırılması ilə Qətər həm də heliumun istehsalını da dayandırdı. Helium yarımkeçiricilərin istehsalında, tibbdə, metallurgiyada və s. istifadə olunur.

Bu bazarda əsas problemlərdən biri odur ki, həcmlərin əhəmiyyətli hissəsi müqavilələr əsasında (yəni əmtəə birjası vasitəsilə deyil) satılır. Başqa sözlə bu problem heliumun defisitinə gətirəcək. Qiymətlərin artımı ABŞ-a (və yeri gəlmişkən, Rusiyaya. Onlar artıq uzun müddətdir ki, helium istehsalının 3 dəfə artırılması üzərində işləyirlər) müəyyən qədər kömək edəcək. Sadəcə qalan həcmləri əvəz edən olmayacaq...
👍32
Bir az statistika haqqında

Azərbaycanın xarici ticarəti haqqında yerli səviyyədə bizdə üç mənbə mövcuddur: Dövlət Gömrük Komitəsi, DGK-nın məlumatlarına əsaslanan Dövlət Statistika Komitəsi və Mərkəzi Bank. Bəzən bu üç qurum təqdim etdiyi məlumatlar arasında müəyyən fərqlər yaranır.

Cədvəldə Azərbaycanın ixracatına dair məlumatlar təqdim olunur (idxalata dair məlumatlar adətən eynidir). Düzünü desəm bəzi fərqləri müəyyən qədər başa düşmək olur (misal üçün, neft sərhədi keçib, amma sənəddə keçməyib və s.), amma periodik olaraq fərqlər həddindən artıq yüksək olur. Bəzən elə gəlir ki, müəyyən rüb üçün tədiyə balansını ya da ticarət saldosunu daha yaxşı göstərmək üçün rüblər arasında dəyişikliklər edirlər.
👍4😱1
Dinin cəmiyyətdə rolu haqqında

Müasir Azərbaycanda dinin cəmiyyətdə roluna dair hər hansı araşdırma və tədqiqata rast gəlmək mümkün deyil (qarşıma yalnız 2022-ci ildə gənclər, xüsusən də mədrəsə və s. tələbələri, arasında keçirilmiş sorğu çıxdı. O da, əlbəttə ki, reallığı heç cürə əks etdirmir). Bizdən fərqli olaraq Qazaxıstanda vəziyyət fərqlidir. Hər il oruc bitəndən sonra bir sıra təşkilatlar buna dair sorğu keçirirlər.

Son məlumata görə ölkə üzrə oruc saxlayanların payı (sorğunun metodologiyasını çox da araşdırmamışam, amma təxmin edirəm ki, sorğu əsasən "ənənəvi müsəlman"lar arasında keçirilib) 42.1% təşkil edib. Bu da iki il ərzində əhalinin payında 10% artım deməkdir.

Bəs Azərbaycanda vəziyyət necədir? Demək çətindir. Misal üçün, mənim ətrafımda oruc tutanların sayı azalıb (bu dövrdə "alkoqol içkiləri" qəbul etməyənlərin, orucu yarımçıq atanların və s. payı artıb). Amma o gün bir müzakirədə dostum bunun əksini isbat edirdi. Ölkə üzrə araşdırma olmadığı halda nəsə dəqiq demək çətindir.
👍2
Yeri gəlmişkən, Qazaxıstanda yaşayan azərbaycanlılar 2009 və 2021-ci illərdə siyahıyaalma zamanı müvafiq suallara cədvəldə göstərildiyi kimi cavab veriblər. Görünür 2009-cu ildə formallıq naminə cavab verirdilər, 2021-ci ildə cavablara daha məsuliyyətli yanaşdılar.
2👍2