Rusiyanın Baş naziri Mixail Mişustinin də Bakıya səfərə gələcəyi bildirilir.
Bunu da qeyd etmək lazımdır ki, rusiyalı rəsmilərin sentyabrda Bakıya səfərləri iyun ayının sonunda planlaşdırılmış səfərlərdir. O ki, qaldı Nensi Pelosinin Yerevana səfərinə, bu səfər də 12 sentyabrdan öncə planlanmışdı, Simonyan çoxdan dəvət etmişdi onu. Sadəcə siyasi konspirologiyalara açıq maraqlı təsadüflərdir.
FRANCE24: "Ermənistanı müdafiə etmək üçün könüllü olaraq düşərgəyə yollananların sayı artır. Yerevanda və qonşu şəhərlərdə sivillərə silahdan istifadə qaydaları, ilkin tibbi yardim təlimləri həyata keçirilir".
Ermənilər hazırda Yerevanın mərkəzində aksiya keçirirlər. Onlar hökumətdən KTMT-dən (ОДКБ) çıxmağı tələb edirlər.
Gürcüstanın Tbilisi və Niderlandın Utrecht şəhərlərində azərbaycanlı gənclər "Biz müharibə istəmirik", "No War" şüarları ilə dinc aksiyalar keçiriblər. Onlar Azərbaycan-Ermənistən sərhəddində baş verənlərə etirazlarını bildirmək və sülh istədiklərini bildirmək üçün toplaşıblar. Hər iki aksiyada da, ayrılıqda 3 nəfər iştirak edib.
Qırğızıstan prezidenti sentyabrın 19-nu Tacikistanla sərhəddəki münaqişə nəticəsində həlak olanlar üçün "Ümummilli Matəm Günü" elan edib. Qeyd edim ki, son baş verən toqquşmalar nəticəsində 46 nəfər qırğız hərbçi həyatını itirib.
Azərbaycanda son döyüşlərdə şəhid olmuş şəxslərin kredit borclarının silindiyi bildirilir. Bu zatən qanunla tənzimlənmişdi.
Ermənistan Təhlükəsizlik Şurasının bəyanatı: "Sərhəd hadisələri zamanı ölən və itkin düşənlərin sayı 207 nəfərdir, yaralı sayı 293 nəfər, 20 hərbçi isə əsir düşüb".
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev haqqında yeni cinayət işi başladılıb. O, həbsxanada başqa bir dustağı döyərək xəsarət yetirməkdə ittiham olunur. Tez-tez "Tərtər hadisələri"ndən danışan siyasətçinin həbs müddəti daha 6 ay uzadılıb. Qeyd edim ki, yaxında azadlığa buraxılmalı idi.
Bakıda villasında dincələn Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesində bu gün məlum olub ki, eks nazirin dövründə cənazə maşınının sürücüsünün adına 3 şirkət açılıb. Və həmin şirkətlər vasitəsiylə pullar mənimsənilib.
Azərbaycan Ermənistan hərbçilərinə aid daha 95 meyiti qarşı tərəfə təhvil verdi. Son toqquşmalar zamanı erməni tərəfinin itkiləri 302 oldu.
"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli sosial şəbəkələrdə İlham Əliyevi tənqid etdiyi və müharibə əleyhinə yazdığı üçün mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılıb.
İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta Hacıyeva 5 milyon 218 min manatlıq mənzil və luks avtomobillərinin, oğlu Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunması üçün məhkəməyə müraciət edib.
Putin bu gün qismən səfərbərlik elan etdi və Qərb tərəfdən Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranarsa bütün vasitələrdən istifadə edəcəyi ilə hədələdi.
İranda əhali 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz olaraq küçələrə axışıb. İddiaya görə Məhsa, hicab qaydalarını pozduğuna görə polis nəzarətinə götürüldükdən sonra ölüb. Etirazçılar ölkənin bir çox iri şəhərlərində “Diktatora ölüm” şüarları səsləndirərək polislə qarşıdurmaya gedib. Nəticədə 5 nəfərin öldüyü deyilir. İran isə rəsmi olaraq bildirib ki, insan hüquqlarının qorunması İran üçün əsas dəyərdir.
İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən, 20 milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş, general-mayor Mövlam Şıxəliyevə 12 il, onun dəstə üzvlərinin hər birinə 8-12 il olmaqla həbs cəzası verildi.
Putinin Rusiyada qismən səfərbərlik elan etməsindən sonra ölkə vətəndaşları son saatlarda “Google” axtarış sistemində ən çox “Səfərbərlikdən necə yayına bilərəm” (“Kак избежать мобилизации), “Qolumu necə sındıra bilərəm” ("Как сломать руку") kimi ifadələri axtarışa veriblər. Mənbə: YeniAvaz
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Moskvadan İstanbula, Yeravana, Bakıya və vizasız digər qonşu ölkələrə uçuşlar üçün aviabiletlər tükənib.
Sosial şəbəkələrdə “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs tutulub. Törətdiyi əməli etiraf etdiyi deyilən 2000-ci il təvəllüdlü E. Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.