Əlqərəz
315 subscribers
1.14K photos
31 videos
6 files
136 links
Download Telegram
Həyat o qədər balacadır ki, böyük adamlar darıxırlar orada.
Eşidirəsən həyat! O qədər balacasan ki, böyük adamlar darıxırlar səndə.
Divin mağarada,
Hökmdarın taxtda,
Güllən lülədə, çağan qundağda darıxır.
ən yüngül xəstəliklərin də bir gün ölüm xəbərdarlığına çevrilir.
Hər gün bir ümidin ölür, yerinə bir əzabın, qorxun dirilir.
Göyərçinlərin dimdikləyir başını bit basmış heykəllərini
Gücün çatanları daşa, çatmayanları torpağa çevirirsən.
Bir ümid tapanda dostlarla bölüşürük aramızda
Ovub hələ quşlarına da atırıq.
Şəkilçi qəbul etməyən “əlvida” sözü kimi tənhayıq...
...darıxırıq... darıxırıq...

Aqşin Yenisey ©
Çökərkən axşamın qaranlıqları
Gözümdə bir qara bulud dolaşar.
Sənsiz xərab olan yazıq ömrümün
Hər dəqiqəsində bir ölüm yaşar.

Fəqət sən vüqarlı, süzgün bir gözlə,
İncidirsən məni cürbəcür sözlə;
Unutma, qarışar gecə gündüzlə,
O zaman ulduzlar, aylar sayrışar.

Nədir bu cəlalın, bu qiyamətin?
Nə qədər zalımsan, yox ədalətin.
Xəyalı güldürən o xoş qamətin,
İnan ki, şairə, şerə yaraşar.

Səməd Vurğun ©
Fikrindən gecələr yata bilmirəm
Bu fikri başımdan ata bilmirəm
Neyləyim ki, sənə çata bilmirəm
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Uzundur hicrindən, qara gecələr
Bilmirəm, mən gedim, hara gecələr
Vurubdur qəlbimə yara gecələr
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq.

Yadıma düşəndə ala gözlərin
Göydə ulduzlardan, allam xəbərin
Neyləyim kəsibdir məndən nəzərin
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Ayrılıq dərdini çəkməyən bilməz
Yardan ayrı düşən göz yaşın silməz
Deyərlər: İntizar xəstəsi ölməz
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Necə ki, əlimdən, ayrı düşəndən
Sorar bir-birini, görüb biləndən
Həsrətlə sızlayar daim bu qəmdən
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

İllərdir uzağam, arxam elimdən
Bülbüləm, düşmüşəm, ayrı gülümdən
Zor ilə ayırıb şirin dilimdən
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Olubdur biganə, yarım-yoldaşım
Qəribə sayılır sevgim, sırdaşım
Bu cavan çağımda ağardıb başım
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Məni ağladandan gülüş istərəm
Uzaq düşənimlə görüş istərəm
Hasarı yıxmağa yürüş istərəm
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Sevgilik olubdur şəni Fərhadın
Sevgisi hardadır, hanı Fərhadın
Deyərək, çıxacaq canı Fərhadın
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Fərhad İbrahim ©
Həyat, ömür bəd, yaman,
Heç açılmır asiman
Üz döndərib Yaradan
Məndən, səndən, dünyadan
Ay aman, ay aman

Sevinc gedir ey insan
Bu obadan, torpaqdan
Od yox olur ocaqdan
Səndən, məndən, dünyadan
Ay aman, ay aman

Göyə bir bax, yerə bir bax
Həyat gözəldir ay Allah
Bir gün sevinc bizim olar
Olar bizim bir sabah

Qayıt ömür ey bahar
Dön geriyə bəxtiyar
Qoy dönməsin Yaradan
Səndən, məndən, dünyadan
Ay aman, ay aman

Vaqif Səmədoğlu ©
Unutmaq üzərə sevəsən birin,
Gözlərin, əllərin unudanadək.
Xatirə saxlayıb kitab qəlbində,
Sevgisin gül kimi qurudanadək.

Unutmaq üzərə sevəsən birin,
Təkcə məktubların xatırlayasan.
Yandırıb qəlbində sevinc izlərin,
Soyuq ürəyində kül saxlayasan.

Unutmaq üzərə sevəsən birin,
Soruşan hər kəsə unutdum deyib.
Sevəsən hər kəsdən xəbərsiz, gizlin,
Yalandan unutmaq deyildir eyib.

Unutmaq üzərə sevəsən birin,
Tikanlı məftildən sərhəd hörərsən.
Verdiyin qərara dayanmaz səbrin,
Görməmək üzərə yenə görərsən.

Unutmaq üzərə sevəsən birin,
Ayrılıq sevgidə sonun doğrusu.
Anlaya bilməzsən sevginin sehrin,
Qəlbində yaşayar onun oğrusu.

Əlizamin Muradov ©
Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol-budağımdan meyvə dər mənə.

Bilmirəm keçirim hansı halını
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.

Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə
bağışla, otağım tör-töküntüdü.

Salam Sarvan ©
Sənsiz yollarda qalıb gözlərim,
İntizardayam yar, gəl.
Əhdi unutma, görüş yeritək,
İlk bahardayam yar, gəl.

Vəfadarım mənim,
İlk baharım mənim,
Eşqinlə görmüşəm səadəti.
Məndən dönsən əgər,
Ayım, Günəşim sönər,
Könül verdiyim, qoru məhəbbəti.

Yorğun dəniztək, nurlu gündüztək,
İncə duyğumsan, yar, gəl.
Mənim həyatım, mənim ümidim,
Şirin yuxumsan, yar, gəl.

Südabə Şəfa ©
Qaldırıb hər gecə mən badə sənin xatirinə
Verirəm günlərimi badə sənin xatirinə

Yazılan hər sətir, hər cümlə cəmalın yoluna
Deyilən hər yeni ifadə sənin xatirinə

Gözünün damlası qəm bəhri yaratmışsa mənə
Batım əsfalına dəryadə sənin xatirinə

Sən gedəndən bəri çün xanəmə nəqsin məruz
Dayanıb zülm edir hər radə sənin xatirinə

Keçən hər anın əzabın daşıyıb xatirdə
Min əziyyətlə salım yadə sənin xatirinə

Qalımım tək ölümüm bir əhəmiyyət daşımır
Verirəm ruhuma müsadə sənin xatirinə

Əcəlim gəlməsə də əmrinə xatir ölərəm
Olmuşam əmrinə amadə sənin xatirinə

Ol Abu Zeydə hər aşiq ola bilməz bənzər
Dərd ilə ömr edə dünyadə sənin xatirinə

Elgün Atakişiyev ©
İndi icazə olar,
Bir az səni soruşmaq?
Nə qədər olar axı,
Öz-özünə danışmaq.

Yenə sevmək, vurulmaq,
Gözləməkdən yorulmaq,
Sən getmək istədiyin,
O naməlum yer olmaq.

Ən böyük arzu olub,
Kaş ki, ilə başlamaq.
Unutdun sandığını,
Təzədəndən xoşlamaq.

Telefona başqa adla,
Başqa cür qeyd olunmaq.
Oxunmayan mesaj kimi,
Ancaq qeydə alınmaq.

Məktub olmaq, üzərində,
Çatdırılsın yazılmaq.
Fikir olub düşündürmək,
Yozulduqca yozulmaq.

Ömür boyu arzulanıb,
Bircə dəfə toxunmaq.
Sənin kimi şeir olub,
Mart ayında oxunmaq...

Raqif Raufoğlu ©
Üzü bəri baxan gözlər ?!
Nə qaldı ki qəmdən başqa
Bir sevgi var ürəyimdə
Bilən yoxdur səndən başqa

Məhəbbətim yurd yerində
Bir həsrət var lap dərində
Bu sevginin əllərində
Nə qaldı ki qəmdən başqa?!

Yana-yana söndü odum
Dildən-dilə düşdü adım
Yox sən məni tanımadın
Kimim var ki səndən başqa?!
Kimin var ki məndən başqa ?!

Nüsrət Kəsəmənli ©