AR Elm və Təhsil Nazirliyi
18.9K subscribers
1.26K photos
122 videos
2.55K links
Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
MİQ-2020 yenilikləri!

Növbəti tədris ili (2020/21) üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) qaydalarına bir sıra dəyişikliklər edilir.

Test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq (cəmi - 60 sual). İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilməyəcək.

İzah: “Təhsil haqqında” AR Qanununa edilmiş əlavələrə əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. MİQ müsabiqəsinin nəticəsinə əsasən işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından, qaydalarda sözügedən dəyişiklik edilib.
Tələbələrin köçürülməsinə başlanılır

1 fevral 2020-ci il tarixindən tələbələr təhsil aldıqları ali və ya orta ixtisas təhsili müəssisələrini, ixtisaslarını və ya təhsil alma formalarını dəyişmək üçün transfer.edu.az portalına müraciət edə bilər. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Təhsil Nazirliyi tərəfindən yaradılmış bu portal tələbələrin seçim imkanlarının genişləndirilməsinə, prosesin sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına xidmət edir. Bugünədək portalın xidmətindən 6 minə yaxın tələbə yararlanıb.
Media is too big
VIEW IN TELEGRAM

Ötən il Təhsil Nazirliyi tərəfindən şagirdlərə dəstək məqsədilə 146-2 "Qaynar xətt" xidməti istifadəyə verilib və #MənimləDanış sosial kampaniyasına başlanılıb. Bu kampaniya çərçivəsində tanınmış simalar qısnamaya məruz qalmış məktəblinin hekayəsini təqdim edirlər.

Yüksək keyfiyyətli videonu izləmək üçün keçid: https://youtu.be/TRZrApAHJ0I
Cari ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

İzah: Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməlidir.
​Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və bütün ümumi təhsil müəssisələrinin pedaqoji işçiləri üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə IV Qrant Müsabiqəsi”ni elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az portalında qeydiyyatdan keçərək tələb olunan sənədləri elektron qaydada sistemə yükləyə bilərlər. Layihə təkliflərinin məbləğləri “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100,000 (yüz min) manatdan, “Fərdi” kateqoriya üzrə isə 10,000 (on min) manatdan çox olmamalıdır. Layihə təkliflərinin icra müddəti 3 aydan az və 12 aydan çox olmamalıdır. Layihə təklifləri 2020-ci il mart ayının 2-dən 31-dək qəbul ediləcək.

Müsabiqə şərtləri və müsabiqəyə müraciət etmə qaydası barədə ətraflı məlumatı www.grants.edu.az portalından əldə etmək olar.
24 fevral 2020-ci ildə respublikanın bütün təhsil müəssisələrinə verilmiş tapşırıq və təlimatlara əlavə olaraq, Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib.

Qərargah koronavirusla bağlı daxil olan sorğu və müraciətlərin araşdırılmasını və müvafiq qərarların təxirəsalınmadan qəbul edilməsini təmin edəcək. Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə koronavirus xəstəliyinin profilaktikası ilə bağlı məlumatların iş saatlarında dərhal Nazirliyin müvafiq struktur bölmələrinə, qeyri-iş saatlarında Təhsil Nazirliyinin növbətçi əməkdaşına çatdırılması tapşırılıb.

Vətəndaşlar təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinə aid sorğularla bağlı Nazirliyin xüsusi hallar üçün nəzərdə tutulmuş 146-2 “Qaynar xətti”nə 24 saat ərzində müraciət edə bilərlər.
Təhsil Nazirliyi valideynlərə müraciət etdi.

"Məlum olduğu kimi, martın 3-dən 9-dək təhsil müəssisələrində tədris dayandırılıb.

Tədrisdə fasilənin yaranmasına səbəb koronavirus infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin görülməsidir.

Bununla əlaqədar qeyd olunan müddətdə aşağıdakı TÖVSİYƏLƏRİ nəzərə almağınız sizdən xahiş olunur:

1. Ev şəraitində əsas profilaktik tədbirlərə ciddi riayət edin (sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın, hərarətiniz olarsa və ya tənəffüs zamanı çətinlik çəkərsinizsə, dərhal həkimə müraciət edin);

2. Övladlarınızı insanların toplaşdığı qapalı məkanlara (ticarət və əyləncə mərkəzləri, şənlik, mərasimlər və s.), hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə aparmayın.

3. Övladlarınıza keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın. Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz (e-derslik.edu.az, e-resurs.edu.az, trims.edu.az, video.edu.az və s.).

4. Məsələ ilə bağlı Təhsil Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarını mütəmadi olaraq izləyin.

Xatırladaq ki, tədris fasiləsindən sonra ilk dərs günü martın 10-u müəyyən edilib.”
Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır. Bu sərəncamın icrası məqsədilə Təhsil Nazirliyi bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə müvafiq tədbirlərin görülməsinin davam etdirilməsini tapşırmışdır.
Bu gün sosial şəbəkələrdə tədrisdə fasilənin 01 mayadək uzadılması barədə yayılan məlumatlar yanlışdır.

Ölkənin təhsil müəssisələrində ilk tədris günü mart ayının 27-sidir.

Xahiş edirik nəzərə alasınız.
Xatırladırıq ki, 2020-2021 -ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Martın 10-u, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.
Martin 11-dən başlayaraq həftənin 5 günü saat 10:00-dan 16:00-dək Təhsil Nazirliyi "Mədəniyyət" kanalında "Dərs vaxtı" adlı teledərslərə start verir.
Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alınaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il martın 20-dək fəaliyyətini dayandırır.

Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il aprel ayının 20-dək fəaliyyətini dayandırır.

Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir.

Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcəklər. “Virtual məktəb” portalında onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda, şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.

Portalda qeydiyyat 02 aprel tarixindən başlayır.
Psixoloji dəstək üçün 146-3 "Qaynar xətt"i istifadəyə verilir

Aprelin 6-da Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq.

Ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər. Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.

146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Yerdəyişmə, daimiləşmə və MİQ-ə dair MƏLUMAT:

1. Müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün, cari ildə müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur. Elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.

2. Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatmış, 1400 nəfərə yaxın namizədin elektron ərizəsi təsdiq edilmiş və bununla bağlı digər tədbirlər (elektron ərizələrdəki məlumatların emalı, müsahibə komissiyasının tərkibinin formalaşdırılması və təsdiqi) yekunlaşmışdır. Hazırda müsahibələrin test rejimində onlayn şəkildə təşkili ilə bağlı müzakirələr aparılır.

3. Bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Ölkədə olan sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Nazirlər Kabineti tərəfindən “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.

- Təhsilverənlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirlər. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (7 üzv) yaradılır.

- Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 (beş) il müddətində), azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçmirlər.

- Sertifikatlaşdırma 2 mərhələdən ibarət olacaq: test (60 sual/bal) və müsahibə (40 bal) mərhələsi. Test mərhələsindən keçid 30 bal, müsahibə mərhələsindən keçid 20 bal təşkil edəcək.

- Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər. Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.

- Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq.

- Sertifikatlaşdırma prosesi 2020/21-ci tədris ilindən başlayacaq.

- Sertifikatlaşdırma mərhələli qaydada həyata keçiriləcəkdir və təhsilverənlərə əvvəlcədən sertifikatlaşdırma ilə bağlı hazırlıq və təlimatlandırma imkanları yaradılacaqdır.

- Sertifikatlaşdırma ödənişsiz həyata keçiriləcəkdir.