Əli Novruzovun kanalı
665 subscribers
255 photos
22 videos
193 links
Yazıçı, tənqidçi, "Yeddi hekayə" (2013) kitabının müəllifi
Download Telegram
to view and join the conversation
Gürcüstanda bələdiyyə seçkilərinin ilkin nəticələri yəqin səhərə məlum olacaq. MSK 7-8 saat vaxt istəyib. Exit poll-ların nəticələri də kəskin fərqlənir.

GORBI/İmedi (hökumətyönlü)

Gürcü arzusu 47.6%
Vahid Milli Hərəkat 27.1%

Ipsos/Mtavari (müxalifyönlü)

Gürcü arzusu 38.6%
Vahid Milli Hərəkat 33%

Edison Research/Formula (müxalifyönlü)

Gürcü arzusu 46%
Vahid Milli Hərəkat 33%
Joel Wasserman adlı bir amerikalı seçki müşahidəçisi gəlib Gürcüstana. Bölgüdə onu təhkim ediblər etnik azərbaycanlılar yaşayan əraziyə. Qardaş da gəlib məntəqəyə, görüb ki, divarda Cared Kuşnerlə İvanka Trampın toy şəkli. Üstündə də yekə bir mübarək olsun.
Sveyqin pərəstişkarları Mariya Antuanetta ilə qraf Ferzenin məktublaşması məsələsini bilir. Həmin məktubların senzura olunduğunu və Sveyqin bu senzuradan duyduğu dərin məyusluğunu da. İndi isə 150 illik müəmmaya dair təzə xəbərlər var.

Bu yaxınlarda fransız tədqiqatçılar ən son texnologiyanın köməyi ilə məktublarda mürəkkəblə qaralanmış yerləri oxumağa cəhd edib. Pis xəbər odur ki, bütün yerləri oxumaq mümkün olmayıb. Orijinal mətnin mürəkkəbi ilə senzorun mürəkkəbi tərkibinə görə çox yaxın imiş.

Buradan da vacib bir fərziyyə ortaya çıxır: əvvəllər düşünüldüyü kimi məktubları 80 il sonra baron Klinkovström yox, elə Ferzen özü sağlığında senzura edib. Oxunmuş yerlərə nəzər salanda bu fərziyyə daha da inandırıcı gəlir. Yəni heç bir qalmaqallı kəşf yoxdur. Qaralanmış yerlər “əzizim”, “sevgili dost”, “məktubun məni xoşbəxt etdi” kimi sözlərdir.

Mədəniyyət tarixinin ən maraqcıl suallarından biri yenə cavabsız qaldı. Bilənlər bilir 😉
Yeri gəlmişkən, Kafkanın Milenaya məktublarının senzurasız tam mətni də 1986-cı ildə çapdan çıxıb. Rus və azərbaycanlı naşirlər isə hələ də Villi Haasın "tərbiyəli" versiyasını nəşr etməyə davam edirlər.
Gürcüstanda bələdiyyə seçkilərində səslərin sayılması başa çatmaq üzrədir.

Ölkə üzrə ümumi nəticələr:

Gürcü arzusu 46%
Vahid Milli Hərəkat 30%

Tbilisi, Poti, Kutaisi, BatumiRustavi şəhərlərində mer seçkilərində ikinci tur olacaq. Sonuncu üç şəhərdə Saakaşvilinin partiyasının namizədləri liderdir.
Kitab sərgisindəyəm 📚
Dörd saata yaxın müddətdə Facebook və ardınca digər sosial şəbəkələr çöküb. Daha çox dalğa effekti ilə: Facebook, Instagram, WhatsApp çökəndən sonra oraların auditoriyası digər sosial şəbəkələrə yayıldı və yüklənmə nəticəsində onlar da başladı ya laxlamağa, ya da çökməyə.

Bundan sonra qlobal yüksək texnologiyalar lobbisinin əsas tezisləri nə olacaq, ehtimal edə bilərik.

Əvvəlcə Facebook başda olmaqla iri sosial şəbəkələri və texnologiya şirkətlərini "kritik infrastruktur" elan edəcəklər. Sonra deyəcəklər ki, onlar "too big to fail". Ardınca da dövlət zəmanətləri və hətta bəlkə təşviqləri səviyyəsində tələblər irəli sürəcəklər.

Bu günə qədər etdikləri bütün idbar söhbətləri də süpürəcəklər palazın altına—necə yəni, bəs görmədiniz biz olmayanda dünya xaosa sürüklənir?
Bax, dünən nə demişdim, heç bir gün keçməyə imkan vermədilər, dərhal başladılar. Düzdür, hələlik tənqidi kontekstdə, amma indi bunlar da Nyu York Taymsdır axı, tənqidsiz yazmaq olmaz bunlarda.
Sabah ədəbiyyat üzrə Nobel mükafatı laureatı elan ediləcək.

Bu mükafatla bağlı proqnoz verənlər, obrazlı desək, sanki bir növ sirkdə başlarını şirin ağzına soxurlar. Şir də hər dəfə ağzını bağlayıb başlarını qoparır. Hər il dostlarla potensial qalib haqqında öz aramızda proqnozlar veririk, mən cəmi bir dəfə uduşlu bilet çəkə bilmişəm—Tokarçukun udacağını deyəndə. Bütün qalan hallarda oxum daşa dəyib.

Proqnoz vermək üçün ilk növbədə bu mükafatın hansı prinsiplərlə verildiyini başa düşməliyik. Son illərə baxanda mən iki və yarım təmayül müşahidə edə bilmişəm:

a) Yaxşı yazıçı hesab olunan, amma öz ölkələrindən kənarda çox da tanınmayan adamlar: Qlük, Modiano, İşiquro.

b) Ədəbiyyat isteblişmentinin yazıçı kimi qəbul etmədiyi və ya cancel etdiyi adamlar: Dilan, Alekseyeviç, Handke.

Nəhayət, İsveç akademiyasında qalmaqaldan sonra yaranmaqda olan yarım təmayül:

c) Dövrün proqressiv ruhuna cavab verən aktivist tipli, amma yenə də yaxşı yazıçılar (qadın, qara və qaçqın olsalar lap yaxşı olar): Tokarçuk.

Bu iki və yarım təmayülü əsas götürüb nə proqnoz vermək olar?

Qatarı gedənlər: Milan Kundera, Ismail Kadare, A.B. Yehoshua, Salman Rushdie—Nobel mükafatı daha lifetime achievement mükafatı sayılmır. Əgər kimlərsə hələ də bu dinozavrların mükafat alacağını düşünürsə, deməli, Philip Roth-un müsibətindən dərs çıxarmayıb. Bu insanlara faktiki olaraq deyirlər ki, siz korifey sənətkarlarsız, bütün dünyada tanınırsız, Nobelsiz də sizin tacınız var. İnciməyin, amma Nobelə sizdən daha çox ehtiyacı olan yazıçılar var.

Mediada yazırlar ki, Annie Ernaux favoritdir, ruslar da Ulitskaya haqqında elə deyir. Əslində heç birinin Nobel alacağını düşünmürəm. Niyə sualına bir müəyyənedici cavabları yoxdur. Nədir onları başqa namizədlərdən fərqləndirən? Modiano kimi bəşəri ola-ola ancaq bir ölkəyə həbs olunmaq? Tokarçuk kimi proqressiv etirazçılıq? Handke kimi qalmaqallı reputasiya? Keçən il Javier Marías haqqında da eyni formada reklam gedirdi, amma boş çıxdı.

Thomas Pynchon, Don DeLillo, Jonathan Franzen də mükafatı ala bilməyəcək. Mənim arqumentim—İsveç Akademiyası onların başının üstündən iki dəfə keçib Dilan və Qlükü seçdisə, deməli bu şəxslər nə qədər böyük yazıçı olsalar da, Akademiyanı qane etmirlər.

Eyni qaydada nə Hilary Mantel, nə Julian Barnes. Hərçənd mənə görə bu dəqiqə Nobelə ən layiqli namizəd Julian Barnes-dir. Qalib gəlsə dəhşət sevinərəm, amma sıfır gözləntim var. Niyəsi uzundur, burada yeri deyil.
Ədəbiyyat üzrə Nobel mükafatını kim ala bilər? Mənim ehtimallarım:

Margaret Atwood
—yaxşı yazıçıdır, aktivistdir, feministdir, kanadalıdır, üstəlik əgər mükafatı alsa, lifetime achievement də sayıla bilər və bəzi bədxah tənqidçilərin də ağzı yumular. Əleyhinə arqument—artıq dünyada kifayət qədər tanınır. Ona görə də, məsələn, Atwood əvəzinə Bernardine Evaristo və ya Scholastique Mukasonga kimi onun tipində, amma nisbətən cavan və az tanınan yazıçı ola bilər.

Anne Carson-un da şansı var, həm kanadalı olduğuna görə və bir də əgər Akademiya iki il dalbadal şairlərə mükafat verməyi məqbul saysa.

David Grossman—dövrün proqressiv ruhuna cavab verən növbəti aktivist tipli yazıçı. İsrail dövlətinin Fələstin siyasətini ardıcıl tənqid edir. Üstəlik, İsraildən laureat uzun müddət olmayıb. Həm də Amos Oza görə bir növ israillilər qarşısında üzrxahlıq edərlər.

Ngũgĩ wa Thiong'o—Afrikadan dörd yazıçı Nobel alıb, onların ancaq biri qaradır (Lessinqi, Le Klezionu, Kamyunu və Simonu da saysaq 1/8). Digər namizəd—əslən Somalidən Nuruddin Farah. Hər ikisinin yaxşı ədəbi tərcümeyi-halı var. Yaşları da keçir, biri 83, o birisi 75.

Nobel ədəbiyyat mükafatı alan sonuncu qaradərili yazıçı 1993-cü ildə Toni Morrison olub. Ona görə də əslində fransız Maryse Condé-nin də şansı böyük idi. Amma Maryse xanım İsveç Akademiyasına etiraz olaraq yaradılmış Yeni Akademiyanın mükafatını alıb. İndi İsveç Akademiyası ona Nobel versə, etiraf etmiş olacaq ki, biz səhv idik, yeniakademiyaçılar düz. Mən isveçli deyiləm, isveçlilərin xarakterini bilmirəm, amma bəlkə Akademiyada etiraf və tövbə kültürü o dərəcədədir ki, yeniakademiyaçıların düz olduğunu qəbul edəcəklər?

Afrikalı yazıçılar və Maryse Condé alınmasa, onda ehtiyat variant: Jamaica Kincaid.

İki macar yazıçısının adını da çəkirlər: KrasznahorkaiNádas. Heç birini oxumamışam, həyat və yaradıcılıqları ilə tanış deyiləm. Əgər Orbana qarşı aşkar müxalif mövqeləri varsa, mükafatı onlardan birinə də verə bilərlər. Orban qərbi avropalıları boğaza yığıb. Ona yaxşı bir çırtma vurmaq lazımdır.

Nəhayət, Jon Fosse—son onillikdə Skandinaviya ədəbiyyatı bütün dünyada qələbə yürüşünə çıxıb. Ona görə də skandinaviyalılar bu dəfə utanmadan, çəkinmədən, rahat vicdanla özlərinə mükafat verə bilərlər. Niyə Knausqor yox, Fosse? Knausqor bütün günü mətbuatın səhifələrindən düşmür, təvazökar deyil, bütün dünyada tanınır, həm də cavandır, səhvlərini düzəltməyə vaxtı var. Fosse isə Avstriya-Slovakiya sərhədində balaca bir qəsəbədə sakit həyat tərzi keçirir. Dramaturq olduğuna görə, bu da bir üstünlük. Son mükafat alan dramaturq da 15 il əvvəl Pinter olub.
Türkiyədə sekulyarizmə münasibət—Metropoll şirkətinin rəy sorğusu.

Səadət Partiyasının seçicilərinin 63%-i dünyəvi dövlətin tərəfdarı olduğu halda AKP-də bu göstərici 56%-dir. Türkiyənin ikinci "şəriətçi" partiyası isə HDP imiş. Hər dörd HDP seçicisindən biri dünyəvilik prinsipini gərəkli görmür (mənbə).
Dünənki Nobel proqnozuma iki ad əlavə edim. Bu il almasalar da (hələ "cavandırlar"), gələcək üçün perspektiv namizədlərdir: Monika Fagerholm və Nino Haratischwili.

Hər ehtimal, iki ad da çəkim—Adunis və Ko Un. Hər ikisi çox qocadır, amma müxtəliflik faktoru var deyə tam da silmək olmaz. Adunis Suriya ələvisidir (Bəşər Əsədin həmməzhəbi), Ko Un isə cancel olunub, bunlar da əlavə faktor ola bilər.
Ədəbiyyat üzrə 2021-ci ilin Nobel mükafatı laureatı “müstəmləkəçiliyin təsirlərinin və mədəniyyətlər və qitələr arasında boşluqda qalmış qaçqınların taleyinin barışmaz və şəfqətli təşrihinə görə” əslən tanzaniyalı yazıçı Əbdülrəzaq Qurna (Abdulrazak Gurnah) oldu.

Qalibi düzgün təxmin edə bilməsəm də, afrikalı və ya qaradərili yazıçılardan birinin mükafatı alacağı əsas ehtimallarımdan biri idi. İndiyə qədər Afrikadan dörd yazıçı Nobel almışdı ki, onların da ancaq biri qaradərili yazıçı olmuşdu. Nəinki Qurna, hətta Afrika bu mükafatı çoxdan haqq edirdi.

Qurna 1986-cı ildən sonra ilk qara afrikalı, 1993-cü ildən sonra ilk qaradərili və 2006-ci ildən sonra isə ilk müsəlman nobelli yazıçıdır. Üstəgəl, özü qaçqın taleyi yaşamaqla yanaşı, bir zənzibarlı kimi ərəb və qara Afrika mədəniyyətlərinin də sintezinin məhsuludur.

Kinayə kimi çıxmasın, sanki Qurnaya mükafat verməklə İsveç Akademiyası eyni zamanda bir neçə xanaya quş qoymuş oldu. Buradan da mükafatın verilməsi meyarlarından daha birini artıq əminliklə müəyyən etmiş oluruq:

c) dövrün proqressiv ruhuna cavab verən aktivist tipli, amma yenə də yaxşı yazıçılar (qadın, qara və qaçqın olsalar lap yaxşı olar).

Sonda isə azərbaycanlı naşirlərdən bir ricam var—Qurnanın əsərlərini lütfən keyfiyyətli tərcümələrdə nəşr edin. Mövzularına baxsaq, çünki Qurna həm də bizim yazıçımızdır.
Forwarded from Hacının kanalı
"No Time to Die" 160 dәqiqәlik metraja sahib olsa da, yüksәk tempi ilә 2 saat 40 dәqiqәni 20 dәqiqә imiş kimi hiss etdirir. Hekayә gözlәnilәndir, buna baxmayaraq özünü izlәtdirmәyi bacarır. Daniel Craigә yaraşan, Hans Zimmerin dramatik ab-hava yaratdığı bir son var.

Ssenarinin yumoru yerindәdir, yәqin Phoebe Waller-Bridge tәsiridir. Rami Malekin canlandırdığı pis obraz kifayәt qәdәr görkәmli deyil. Ana de Armas çox az ekranda görünsә dә, insanı özünә heyran edir. Filmin görüntü işi dә әla idi, montajı da hәmçinin.

Belә ümumi kinoteatrda rahatlıqla izlәyә bilәcәyiniz, 3 saat boş vaxtınızı dәyәrlәndirә bilәcәyiniz filmdir. Filmә gecikmәyin, çünki titrlәr olan hissә sadәcә möhtәşәmdir. Billie Eilish dә o möhtәşәmliyә ayrı lәzzәt qatır. 7/10
Keçən gün dostlardan biri mənə irad tutdu ki, Talibandan az qala hər gün yazırdın, amma İran-Azərbaycan gərginliyi haqqında cəmi bir yarımçıq qeydin var. Haqlı iraddır.

Əslində İran-Azərbaycan məsələsinə niyə toxunmaq istəmirəm: mənə görə bütün bu gərginliyin 90%-i, xüsusən də İrandakı anti-Azərbaycan propaqanda gülləsiz patronlarla havaya ritorik atışlardan başqa bir şey deyil. Bu ritorik atışların əsas hədəfi də elə İranın öz daxili auditoriyasıdır. İranın yeni administrasiyası düşünür ki, bu gərginlik onun ölkə daxilində nüfuzuna pis təsir edə bilər, ona görə də qabaqdangəlmişlik edir.

Faktları təkrarlamaq istəmirəm—hamısını bilirsiz, bilməyənlər İlham Əliyevin Anadolu agentliyinə verdiyi müsahibədə İran yük maşınları ilə bağlı hissəyə baxsın. Problemin kökü və onun ətrafında gedən siyasi-diplomatik proseslər haqqında hələ ki, ən detallı məlumat budur. Yerdə qalan hər şey spekulyasiyadır.

İran özünü böyük dövlət zənn edir. Xüsusən də balaca qonşuları ilə münasibətlərdə düşünür ki, istədiyini edə bilər. Keçən il Qarabağ münaqişəsi onun burnunun dibində, amma onun iştirakı olmadan həll olunanda İran rəhbərliyinin bərk xətrinə dəyib. İndi də İran istəyir ki, həm Qarabağda rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə oyuncaq rejimlə iqtisadi əlaqələri və ticarəti olsun, həm də azad olunmuş ərazilərdə Azərbaycandan yağlı tenderlər qoparsın.

İranın oyuncaq rejimlə iqtisadi əlaqələrini kəsməsi üçün dəfələrlə diplomatik kanallar vasitəsilə Azərbaycanın müraciətləri cavabsız qalıb. Azərbaycan da cavab olaraq onlara Qarabağdan tender vermir, üstəlik Qafan-Gorus yolunda gömrük postu qurmaqla İranın bütün Ermənistan ticarətinə faktiki olaraq vergi qoyub.

Bundan sonra İran başlayır Azərbaycana qarşı əlində olan bütün təzyiq mexanizmlərini artan intensivliklə işə salmağa və təəccüb içində kəşf edir ki, post-müharibə dövründə bu mexanizmlərin heç biri gözlənildiyi kimi işləmir. İranın yeni administrasiyası heç bismillah deməmiş ilk xarici siyasət böhranında gücsüz olduğunu kəşf edir. Bu da yeni hökumətin nüfuzu üçün ciddi təhlükədir. Aya, sən bapbalaca Azərbaycana öz sözünü keçirdə bilmirsən, bəs sabah Vyanada o altıbaşlı əjdaha ilə necə danışacaqsan?

Elə bilin ki, məhləyə təzə uşaq gəlib, istəyir məhlənin şefi bu olsun. Ən birinci də başlayır məhlədəki ən zəif uşağın qabağında xod getməyə. Birdən başa düşür ki, bu uşağa da xox gələ bilmir—bütün məhlə isə oturub baxır ki, söhbətin axırı necə olacaq.

Ona görə də İran məntiqlə nə etməlidir? Əlində olan bütün media vasitələrində propaqanda. Sionist rejim, Xeybər fatehləri, qəzetlərdə karikaturalar, “Tehran Yerevan deyil”. Moskvaya bizdən şikayətə gedir və orada ona deyirlər ki, qaqa, bu uşaq uje bizim də sözümüzə baxmır, özünüz danışın, həll edin. Bütün bu emosional reaksiya da buna görədir.

Əsas odur ki, pərdə arxasında diplomatik danışıqlar gedir. İran səfiri Bakıdadır, Azərbaycan səfiri Tehrandadır. Görüşlər davam edir. Tehranda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq. Yəni diplomatik kanallarla ünsiyyət kəsilməyib, hətta daha da intensivləşib. İran və Azərbaycan son nəhayətdə qarşılıqlı kompromislər əsasında bu gərginliyi yoluna qoyacaq.
İran-Azərbaycan gərginliyinə bir də bu günlərdə baş vermiş Fransa-Əlcəzair gərginliyi ilə müqayisədə baxın. Makronun Əlcəzair haqqında tərbiyəsiz sözlərinə görə Əlcəzair öz səfirini geri çağırdı, sonra başqa məsələlər. İndi bura Şərqə baxış kanalı deyil, burada məqsədim əslində daha çox kültür-sənət mövzularında yazmaqdır. Əlcəzair söhbətlərinə də baş vurmayaq.

Bir ona fikir verin ki, normalda iki dövlət arasında ciddi gərginlik yarananda ilk olaraq səfirləri konsultasiya üçün geri çağırırlar. Bizdə isə əksinə, gərginliyin pik vaxtında Azərbaycanın yeni səfiri Tehrana gedir. İran səfiri də Bakıda öz yerində oturub, normal işi ilə məşğuldur. Hətta Bakı-Naxçıvan avtobusları maneəsiz işləyir.
Zəfəran əkmişdim, tutub ❤️
Forwarded from Film Aç
Jihlava Beynәlxalq Sәnәdli Film Festivalında Azәrbaycan filmi dә mübarizә aparacaq!

Türkan Hüseynovanın çәkdiyi "Papanin" qısa filmi festivalın "Short Joy" bölmәsindә yarışacaq. Bölmәnin qalibi olan film "Әn yaxşı qısa sәnәdli film" kimi dәyәrlәndirilir.

Uğurlar arzu edirik!
Seymurgilin nəsli özlərindən əvvəlki nəslin yazarlarını Markezi yamsılamaqda və bununla da keçmişdə ilişib qalmaqda ittiham edirdilər. Mən də bu qənaətlə normalda razılaşıram. Amma bu gün Azərbaycan ədəbiyyatına iddiası olan gənc yazarlara baxanda həmin köhnələrə az qalır şükür deyəsən.

Biz Markezin müasiri idik—lap bu yaxınlarda 2014-də vəfat edib. Həmin köhnə nəsil, nə də olmasa, yenə də öz dövrlərində sağ olan müəllifi yamsılayırdılar. İndikilərin can atdığı ideallar isə az qala hamısı XX əsr ədəbiyyat tarixi dərsliyinin ortalarına düşür.

Biri özünü Prust hesab edir—1922-də ölüb. O birisi Coysa baxır—1941-də ölüb. Üçüncüsü Folkneri yamsılamağa çalışır, o da 1962-də bu dünyadan köçüb. Hələ keçən əsrin 80-larında çox-çox ahıl yaşlarında vəfat etmiş Borxes və Kortazarın da ayaqqabılarını geymək istəyənlər var.

2000-2010 arası bizdə şərti adla "post-modernizm" gurladı, guruldadı, ildırımlarını çaxıb çəkilib getdi. Yəni bir mərhələ bitdi, əla. Amma nə biləydik ki, onun yerinə köhnə modernizmi qaytarmaq istəyənlər ortaya çıxacaq.

Bu gün bizim ədəbiyyat icması, barmaqla sayılacaq istisnalar xaric, çağdaş ədəbi təmayüllərlə ayaqlaşa bilmir. Çox uzağa getməyək—bizim üçün ən yeni rus müəllifləri hələ də Pelevin və Sorokindir. Hansı ki, onları Rusiyada artıq bir növü canlı klassik sayırlar. 🤦🏻‍♂️

P.S. Seymurun da burada günahı az deyil. Ancaq klassik müəllifləri təbliğ edir, ancaq klassik müəllifləri tərifləyir. Ədəbiyyatla Seymur vasitəsilə tanış olmuş cavanlar da klassiklərdən doyandan sonra nəyə keçməlidir? Modernistlərə, əlbəttə. Seymur da onları müasir müəlliflər kimi söyəndə, lap qıcıqlanırlar və deyirlər ki, Seymur bəyənmirsə, deməli müasir yazıçı belə olmalıdır.
Bəs mən nə deyirdim? İndi bura Şərqə baxış kanalı deyil deyə mənə heç inanmırsız. 😉

İran XİN mətbuat xidmətinin məlumatına görə Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Nə əcəbsə, məlumat ancaq farscadır, amma Azərbaycan mediasında verilən tərcüməsi düzdür. Bir dənə axırdan əvvəlki cümlənin tərcüməsini verməyiblər, orada da deyilir:

"Ceyhun Bayramov İran mallarının tranzit problemlərini həll etmək üçün iki ölkənin gömrük orqanlarının danışıqlar aparmasını təklif edib və iki iranlı yük maşını sürücüsünün sərbəst buraxılması üçün səylərin vacibliyini vurğulayıb."

İndi gördünüz də dava nəyin davası idi? Yoxsa ay sionist rejim elə, terrorçu belə. Təkrara görə üzr istəyirəm, onlar hamısı İranın daxili auditoriyasına hesablanmış gülləsiz patronlarla havaya ritorik atışlar idi.