BOSS DEVELOPER
466 subscribers
318 photos
36 videos
55 files
605 links
Download Telegram
18. Ən yaxşı proqramlaşdırma kursunu və ya dərsliyini axtarıram
Online minlərlə, offline isə Bakıda onlarla kurs var. Bu resursların hər biri fərqli şəkildə öyrədir və hər birinin öz metodikası var. Amma yaxşı kurs, müəllim və ya kitab yoxdur, özünüz üçün uyğun olan kurs, müəllim və ya kitab var. Bir neçə resursdan qeydiyyatdan keçin, kitablara baxın, video dərslər izləyin, offline proqramlaşdırma kursları haqqında məlumat əldə edin, sınaq dərslərinə yazılın və sonra sizə ən uyğun olan təlim formatını seçin. Yəqin ki, bir neçə yol olacaq: online kurslar + kitab və ya fərdi müəllim + xüsusi saytlarda problemlərin həlli və s. Əsas odur ki, daha az reklamlara inanıb, daha doğru seçim, daha çox cəhd və praktika edəsiz.
19. Proqramlaşdırma öyrənəcəyəm, qısa müddətdə tətbiq/sayt yaradacam və varlanacam
Varlı olmaq əla hədəfdir və proqramlaşdırma bu hədəfə çatmaqda kömək edə bilər. Amma qısa müddətə varlanacağınızı, pul qazanmağı unudun!. Bill Geyts, Mark Zuckerberg, Pavel Durov və ya Sergey Brin – bir gündə milyarder olmayıblar. Onlar illərlə təhsil alıb və çox çalışaraq hazırki vəziyyətə çatıblar.

2 həftəlik tədrisdən sonra mobil tətbiq və ya vebsayt hazırlayıb, varlanmaq deyə bir düstur, formul yoxdur. Proqramlaşdırma tez və asan pul qazanmaq istəyənlər üçün deyil. Buna baxmayaraq, proqramlaşdırma həm karyera inkişafı, həm də öz biznesinizi yaratmaq üçün böyük imkanlar açır.
👍2
20. Çətin proqramlaşdırma dili ilə öyrənməyə başlamaq lazımdır
Birinci sinifdə heç kəs sizə inteqral öyrətmir. Hətta vurma-bölməni belə, bir müddət sonra öyrədirlər. Proqramlaşdırmada da eynilə belədir. Motivasiyanı saxlamaq və qısa zamanda nəticə əldə etmək istəyirsinizsə, JavaScript kimi sadə dillərlə başlayın. Proqramlaşdırma üzrə baza bilikləri öyrənəndən sonra, digər dillərə asanlıqla keçə bilərsiz.
👍2
21. Bütün proqramlaşdırma kursları eynidır
Xeyr, bütün kurslar fərqlidir, hətta tədris planındakı dərslər eyni olsa da. Kurslarda dərslər müxtəlif tədris metodlarından və materiallarından istifadə edən müxtəlif müəllimlər tərəfindən tədris olunur. Pis və ya yaxşı kurs yoxdur, sadəcə sizin üçün doğru olan kursu seçməlisiniz. Bunun üçün isə kursları araşdırmaq, ətraflı məlumat toplamanız lazımdır.
CodeBit olaraq seçiminizi daha da dəqiqləşdirmək üçün ödənişsiz sınaq dərsinə yazılmağı təklif edirik.
👍2
22. Proqramçı olmaq üçün gündə 30 dəqiqə sərf etmək kifayətdir
Təəssüf ki, bu kifayət deyil, hətta gündə 2 saat belə azdır. Bu templə tam öyrənmə müddətiniz uzana və çətin proyektlər etmək üçün uyğun səviyyəyə çatmaq daha çox vaxt tələb edə bilər.

Hobbi deyil, işində peşəkar olmağı qarşınıza məqsəd qoymusunuzsa, proqramlaşdırmanı həyat tərzinizə çevirməlisiz. CodeBit-ə müraciət edənlər üçün gündəlik minimum 3 saat, ortalama isə 5-6 saat kod yazmağa vaxt ayırmağı tövsiyyə edirəm.

Sağolsun “Facebook Memories” keçmişdə yazdıqlarımızı xatırladır. Vaxtilə mənim gündəlik hədəfim minimum 5-6 saat kod yazmaq idi, imkan düşdükcə də 7-9 saat məşğul olmağa çalışırdım. Buna görə də bu facebook post-dan 1 ay sonra, 2012-ci il mart ayında 3-cü kurs tələbəsi kimi yarımştat (part-time) iş tapmışdım. Sıfırdan online dərslərlə 3 ay öyrənərək iş tapmaq yaxşı göstəricidir. Nəzərə alsaq ki, online öyrənmək kursda öyrənməkdən daha çətindir. Qısa müddətə nəticə əldə etmək üçün gərək çox çalışasınız. Qeyd: İngilis dili biliklərinizi və stereotipləri də qıraraq daimi inkişaf etdirməyə çalışın.
👍2
23. Proqramlaşdırma öyrənmək üçün yaşım çoxdur, artıq gecdir
Proqramlaşdırma öyrənmək üçün nə yaşlı, nə də gəncsiz. Bu yalnız proqramlaşdırmaya aid deyil. İstənilən sahəni öyrənmək və uğur qazanmaq yaşla məhdudlaşmır. Öyrənmək arzusu və bu bilikləri praktikada tətbiq etmək istəyi yaşdan asılı olmayan amildir. Hər yaşda xarici dil öyrənə biləcəyiniz kimi, hər yaşda proqramlaşdırmanı da öyrənə bilərsiniz.
👍1
24. O, proqramlaşdırma öyrənmək üçün çox balacadır, gəncdir
Çox vaxt valideynlər uşağın proqramlaşdırma öyrənməyə uyğun olma vaxtını yaşa görə təyin edirlər. Əlbəttə, uşaqların və yetkinlərin tədris metodikalarında fərqlər var, ancaq yaş proqramlaşdırmağa başlamağa mane olmamalıdır. Necə ki, uşaqlar az yaşdan şahmata, üzgüçülüyə, futbola başlayırsa, proqramlaşdırmada da bunu tətbiq etmək olar.
8-9 yaşından sonra uşaqlar proqramlaşdırmanın əsas konsepsiyalarını yaxşı başa düşürlər. Onlar üçün ilk proqramlaşdırma dili kimi Scratch daha uyğundur.
25. Proqramlaşdırma qadınlar üçün deyil
İT sahələri üzrə kişilər üstünlük təşkil etsə də, bu qadınların proqramlaşdırma öyrənməyinə mane olmamalıdır. Hətta dünyanın ilk proqramçısı Ada Lovelace qadın olub. Marissa Mayer – Google-un 21-ci işçisi və ilk qadın proqramçısı idi.

Sadəcə kişilər parfümeriya sahəsi ilə maraqlanmadığı kimi, qadınlar da İT sahəsinə maraq göstərmirlər. Bu peşənin mürəkkəbliyi ilə deyil, əksinə, sosial-iqtisadi təzyiq və qadınların şəxsi maraqları ilə bağlıdır. Bir qadının proqramçı olmaması üçün heç bir obyektiv səbəb yoxdur. Kişi və qadınlarda proqramlaşdırma üzrə seçim və karyera yolları tamamilə eynidır.
26. Bütün proqramçılar hakerdir
Əksərən proqramçıları hakerlərlə müqayisə edirlər. Haker-cinayətkarlar resurslara icazəsiz giriş əldə etməyə, adi proqramçılar isə məlumatların təhlükəsizliyini müdafiə etməyə çalışırlar. Həmçinin, proqramçılar Facebook, Instagram hesablarını sındıran “hakerlər” deyil və bu işlə də məşğul olmurlar.
27. Bütün proqramçılar texnika təmir etməyi bacarmalıdır
Əgər siz proqramçısınızsa, qohumlarınız, qonşularınız və dostlarınız belə sizin telefon, komputer, televizor kimi cihazların təmirini bildiyinizi düşünəcəklər. Printerin sazlanması, komputer formatı və yenisinin alınması deyiləndə siz yada düşəcəksiz.

Proqramçıya – komputer də daxil olmaqla, texnikanı anlamaq məcbur deyil. Komputerə olan maraq proqramçıda sərt diskin dəyişdirilməsi, komputer formatı, proqramların komputerə quraşdırılması kimi bacarıqların yaranmasına səbəb olur, amma bu proqramçıların əsas işi deyil. Proqramçı kod yazaraq proqramları yaradır, texnika təmiri üzrə mütəxəssislər isə onları bərpa edir.
👍2
28. Bir proqramlaşdırma dili digərindən daha yaxşıdır
Proqramçılar öz istifadə etdikləri proqramlaşdırma dilini tərifləməyi sevirlər. Buna görə də tez-tez həmin dilin digərindən daha yaxşı olduğunu iddia edirlər. Lakin hər dil müəyyən bir məqsədə xidmət edir və bir dilin başqa birindən yaxşı olduğunu iddia etmək doğru deyil. İtalyan və fransız dilinin hansının daha yaxşı olduğunu soruşsanız, cavab olduğunuz ölkəyə görə dəyişəcək. Proqramlaşdırmada da buna bənzər vəziyyətdir.

Yeni başlayanlar üçün daha rahat dillər var – məsələn, JavaScript. Amma bir qədər çətin Java, C# və ya C++ ilə də başlaya bilərsiniz. Bəzi dillər qurğu təminatı (hardware), bəziləri riyazi hesablamalar, bəziləri veb üçün daha yaxşıdır. Buna əsasən, vəziyyətdən asılı olaraq müəyyən bir proqramlaşdırma dilinin tapşırıq çərçivəsində daha yaxşı seçim olduğunu söyləmək olar. Adətən, tapşırıqların həlli üçün bir neçə dil istifadə edilir. Dillər isə birlikdə işləyərək bir-birlərini tamamlayırlar.
👍2
29. Bütün proqramlaşdırma dilləri eynidır
Adətən, bütün proqramlaşdırma dillərinin eyni problemi həll etdiyini düşünürlər. Ancaq bu həmişə belə deyil. Müxtəlif problemləri həll etmək üçün müxtəlif proqramlaşdırma dilləri istifadə olunur. Python tədris və məlumatların emalı üçün, PHP veb saytların yaradılması üçün, JavaScript veb saytlara dinamiklik qatmaq üçün, C++ performansın vacib olduğu qəliz proqram təminatları üçün, Swift iOS-a tətbiqlərin yazılması üçün istifadə olunur. PHP veb saytların yaradılması üçün ən populyar dildir. Gördüyünüz kimi, müxtəlif dillər müxtəlif tapşırıqları həll etmək üçün yararlıdır və peşəkar proqramçılar bunların bir neçəsini bilirlər.
👍2
30. Gənc proqramlaşdırma dillərini öyrənmək lazımdır
C dili 1972, C++ 1985, JavaScript və PHP isə 1995-ci ildə yaranıb. Ancaq bu onların köhnəlmiş və ya yeni yaranan dillərdən pis olması demək deyil. Proqramlaşdırma dilləri daim yenilənir, onlara yeni sintaktik konstruksiyalar əlavə olunur, kitabxanalar genişləndirilir. Bunu avtomobil kimi təsəvvür edin: Mercedes 92 il əvvəl (1926) yaradılmışdır, lakin hər il yeni modellər buraxılır.

Sadəcə olaraq, sizin tətbiq etmək istədiyiniz sahəyə uyğun dili öyrənmək lazımdır. Proqramlaşdırma öyrənmək üçün JavaScript, veb saytlar hazırlamaq üçün PHP, mobil tətbiqlər üçün Swift (iOS), Kotlin və ya Java (Android) öyrənə bilərsiz.
👍1
31. Əsl proqramçılar C/C++ ilə kod yazır
Əsl sürücülər də yalnız mexaniki sürət qutulu maşın sürürlər və həftədə bir dəfə qarajda avtomobilin mühərrikini söküb-yığırlar. Əlbəttə ki, bu belə deyil. “Əsl əjdaha” proqramçıları bəzi proqramlaşdırma dillərini lazımsız sayırlar. Məsələn, uzun müddət PHP-ni belə hesab edirdilər, indilərdə isə JavaScript-i server-side dil kimi zəif hesab edirlər. Buna baxmayaraq, PHP Facebook (HHVM), Vkontakte, Wikipedia və milyonlarla digər saytların yazıldığı güclü və məşhur bir dildir. Hazırda PHP 7.3.x versiyası ilə ən sürətli dillərdən biridir. Bəzi benchmark testlərə baxa bilərsiz: digər dillər ilə müqayisə və versiyaları arasında müqayisə.
Zəif və ya güclü dil yoxdur, xüsusi problemlərin həlli üçün daha uyğun dil var. Qalan hər söz boş danışıqdan başqa bir şey deyil.
👍1
32. HTML və CSS öyrənmişəm, artıq “proqramistəm”
Təəssüf ki, HTML və CSS proqramlaşdırma dilləri deyil. Amma bu onların web proqramlaşdırmada vacibliyinə təsir göstərmir. Bütün web saytların əsas görünüş və strukturu bu ikisinə bağlıdır.
Web proqramçı HTML və CSS-si ən azı baza səviyyəsində bilməlidir. Yeni web proqramlaşdırmaya başlayanlar üçün isə HTML və CSS öyrənmək rahatdır.
33. Professional proqramçı olmaq üçün bir proqramlaşdırma dili bilmək kifayətdir
Professional proqramçılar bir neçə dil və müxtəlif köməkçi texnologiyalar bilirlər. Bunlardan başqa, proqramçı yalnız proqramları yazmağı (kodlaşdırma) deyil, dokumentasiya və testlər yazma qabiliyyətinə, böyük tapşırıqları kiçik hissələrə bölmək, komanda işi və s. kimi çoxlu bacarıqlara malik olmalıdır. Kiçik bir veb saytı hazırlamaq üçün HTML, CSS, JavaScript, PHP və ya başqa bir server-side dili bilmək lazımdır. Bir tərəfdən, peşəkar proqramçıya bir dil bilməsi kifayət deyil. Digər tərəfdən isə, bir dili yaxşı biləndən sonra digər dilləri öyrənmək çox rahatdır.
👍2
34. Qısa müddətə çoxlu pul qazanacam
Peşəkar proqramçılar digər sahələrin işçilərinə görə adətən daha çox qazanırlar. Amma bu vəziyyət hər proqramlaşdırmaya başlayan üçün belə olacaq mənasına gəlmir. Aylıq ortalama 800-1200 AZN və daha artıq qazanmaq mümkündür, lakin bu dərhal baş vermir. Belə əmək haqqı üçün bir neçə il vaxt lazım ola bilər. Proqramçının əmək haqqı bacarıqları, təcrübə və portfelindən(portfolio) asılıdır, ancaq yeni başlayanda isə bunların heç biri olmur. Ona görə daha çox təcrübə qazanmaq üçün müxtəlif çətinlikli proyektlər etmək lazımdır.
👍4
35. Çox gec pul qazanacam
Yeni başlayanların əksəriyyəti yalnız professional olandan sonra pul qazana biləcəklərini düşünürlər. Ancaq bu tam olaraq belə deyil. Təcrübəli proqramçılar yaxşı qazanırlar, amma bu yeni başlayanların illərlə pul qazanmağa cəhd etməməsi anlamına da gəlmir.

Bəzən peşəkar proqramçılar üçün maraqsız, xırda freelance proyektlər olur. Belə fürsətlər yeni başlayanların özlərini sınamaq və ilk gəlirlərini qazanmaq üçün yaxşı təcrübədir. Zamanla bacarıqlarınız, təcrübəniz və portfolio-nuz böyüdükcə, daha mürəkkəb layihələr götürərək, daha çox pul qazana bilərsiniz. Alternativ variant kimi təcrübəçi (stajor) ya da kiçik proqramçı (junior) kimi iş tapıb, real layihələr üzərində işləyə və öyrənə bilərsiniz.
👍3
36. Qısa zamanda tez iş tapacam, çünki, proqramçılara təlabat yüksəkdir
Həqiqətən də yerli və xarici bazarda proqramçılara çox böyük tələbat var, lakin bu yeni başlayanlara tam olaraq aid deyil. Əksər şirkətlər minimum 2-3 il təcrübəsi olan proqramçılar axtarır. Buna görə variantlardan biri orta və ya böyük bir şirkətdə təcrübə keçmək və ya kiçik bir şirkətdə junior proqramçı olmaqdır.

Mən vaxtilə (2012-2013) bu yollardan keçmişəm. Lakin hazırda daha fərqli bir variantın tərəfdarıyam – özünüz və ya hansısa startup üçün müxtəlif tipli proyektlərdə çalışaraq yaxşı təcrübə toplamaq, sonra isə orta və ya yuxarı maaşa işlərə müraciət etmək. Hazırda texniki heyəti savadlı olan şirkətlər illərə görə deyil, görülən proyektlərin təcrübəsinə görə işçiləri qəbul edirlər.
👍2
37. Şirkətlər özləri məni tapacaq
Bir çox tələbə universitet və kurslardan məzun olarkən şirkətlərin onları tapacağına, yaxşı şərtlərlə işə qəbul ediləcəklərini gözləyirlər. Onlar gözləyən müddətdə digərləri biliklərini artırır, şirkətlərə CV göndərir, şəxsi veb saytlarını yaradır, GitHub layihələrinə qoşulurlar. GitHub – proqramçıların şəxsi mənbə kodlarını digər proqramçılarla paylaşdığı sosial şəbəkədir. Siz hər hansı bir layihəyə qoşula və onu təkmilləşdirə bilərsiniz. Şirkətlər bu cür kadrları yüksək qiymətləndirirlər.

Ən yaxşı universiteti və ya ən bahalı kursu bitirsəniz belə, iş axtarışında daim aktiv olmalısınız, yeni cəhdləri, axtarışları dayandırmamalısız.
👍2
38. Proqramlaşdırma bilikləri yalnız proqramçılar üçün lazımdır
Hazırki müasir dövrdə proqramlaşdırma haqqında minimum anlayışın olması belə çox vacibdir. Biznesdə, şəxsi işlərdə, qeyri-İT peşələrdə (marketoloq, satıcı və s.) proqramlaşdırma, ümumilikdə İT bilikərin olması həmişə xüsusi üstünlükdür. Bu işəqəbuldan, gündəlik şəxsi işlərin avtomatlaşdırılmasına kimi hər bir sahədə köməyinizə gələcək biliklər deməkdir.


Ümid edirəm ki, məqalə faydalı oldu. Əgər elədirsə, maraqlı olan dostlarınızla paylaşmağı unutmayın.
👍6